Geoiqtisadi keçid nöqtəsi: TRIPP layihəsi və Cənubi Qafqazın transformasiyası
İranda küçələr yenidən
doludur. Qəzəb var, qorxu var, amma ən çox da səssiz bir ümidsizlik dolaşır şəhərlərin
üzərində. Tehran, Təbriz, İsfahan, Məşhəd – adlar dəyişir, amma mənzərə
eynidir: rejimlə xalq arasında dərinləşən uçurum. Belə bir vaxtda, yəni İranın
daxilən sarsıldığı, diqqətinin özünə yönəldiyi bir anda regionda birdən-birə
“Tramp Marşrutu” – TRIPP gündəmə gəlir. Və bu layihə sıradan bir logistika xətti
kimi yox, böyük güclərin, səssiz razılaşmaların, açıq narahatlıqların mərkəzinə
çevrilir.
Bu zamanlama təsadüfdürmü? Tarixdə “təsadüf” anlayışı adətən sadəlövhlük üçün uydurulmuş təsəllidir. Xüsusilə də geopolitikada. Dövlətlər zəifləyəndə, diqqətləri daxilə yönələndə, periferiyada həmişə nəsə baş verir. Bu, bəzən yeni sərhədlər olur, bəzən yeni yollar, bəzən isə? sadəcə köhnə qaydaların səssiz şəkildə ləğvi. İran bu gün məhz belə bir mərhələdədir. Daxili etirazlar onun regional reflekslərini zəiflədir, strateji çevikliyini azaldır. Elə bu məqamda da regionun mərkəzində – Cənubi Qafqazda – TRIPP kimi böyük bir layihə irəli sürülür.

İlk baxışda sual sadə
görünür: bu yol kim üçündür? Ermənistan üçünmü, ABŞ üçünmü, yoxsa Azərbaycan
üçün? Amma məsələ yolun özündə deyil. Məsələ yolun haradan keçdiyində, kimi kənarda
qoyduğunda və kimi mərkəzə çıxardığındadır. TRIPP xəritəyə baxıldıqda açıq bir
həqiqəti göstərir: Azərbaycan bu layihədə tranzit ölkə deyil, qovşaqdır. Keçid
deyil, mərkəzdir. Şimal–Cənub, Şərq–Qərb, Orta Dəhliz – bütün bu xətlər bir
nöqtədə kəsişir. Və bu nöqtə Azərbaycandır.
Bu isə, avtomatik
olaraq yeni qorxular yaradır. Xüsusilə İran üçün. Çünki İran uzun illər boyu
regionda iki əsas üstünlüyə arxalanıb: coğrafi alternativsizlik və ideoloji sərtlik.
Yəni “məndən yan keçə bilməzsiniz” iddiası. TRIPP isə, ilk dəfə bu iddianı real
şəkildə sual altına alır. İranın reaksiyası da məhz buna görə emosionaldır. Səfirlərin
sərt bəyanatları, “qırmızı xətt” ritorikası, Ermənistan üzərində təzyiq cəhdləri
– bunların heç biri yolun özünə görə deyil. Bunlar kənarda qalmaq qorxusunun
ifadəsidir.
Burada Azərbaycana
yönələn başqa bir sual da səssiz şəkildə dolaşır: bu proseslər Azərbaycanın
birləşməsinə işarədirmi, yoxsa əksinə, təlatümlərin Azərbaycana ötürülməsi
planının bir hissəsidir? Bu sual təsadüfi deyil. Tarix göstərir ki, böyük layihələr
həmişə iki cür oxunur: fürsət kimi və təhlükə kimi. Azərbaycanın əsas hissəsi
ilə Naxçıvan arasında maneəsiz bağlantı ideyası milli yaddaşda emosional
rezonans yaradır. Bu, təkcə yol deyil, simvolik olaraq tamamlanma, qırılmış
coğrafiyanın bərpasıdır. Amma geopolitika emosiyaları sevmir. O, yalnız
balansları və nəticələri hesablayır.
Məhz buna görə də TRIPP-i yalnız “Azərbaycanın birləşməsi” kimi oxumaq sadəlövhlük olar. Burada daha incə bir məntiq var: nəzarətli inteqrasiya. Yəni proses elə qurulur ki, nə bölgədə kəskin destabilizasiya yaransın, nə də köhnə status-kvo olduğu kimi qalsın. ABŞ-nin yanaşması da məhz budur. Vaşinqton regionda inqilab ixrac etmir, xaos yaratmaq istəmir. Onun istədiyi şey proqnozlaşdırılan, nəzarət olunan, iqtisadi alətlərlə yönləndirilən dəyişiklikdir. TRIPP bu mənada hərbi layihə deyil, amma hərbi nəticələr doğura bilən bir geoiqtisadi mexanizmdir.

Bu mexanizmin mərkəzində
isə Azərbaycan dayanır. Və bu, həm üstünlükdür, həm də məsuliyyət. Çünki mərkəzdə
olan ölkələr heç vaxt rahat olmur. Onlar həmişə baxışların, şübhələrin, gizli
planların hədəfində olur. İranın “təlatüm ixracı” qorxusu da məhz buradan
qaynaqlanır. Amma burada paradoks var: İranın daxilindəki təlatümün Azərbaycana
keçməsi üçün yol lazımdırsa, o yol TRIPP deyil. Əksinə, TRIPP regional nəzarəti
artıran, xaotik keçidlərə yox, institusional mexanizmlərə söykənən bir layihədir.
Bu da onu göstərir ki, söhbət etirazların yayılmasından yox, regional güc
balansının yenidən qurulmasından gedir.
İranda baş verənlər
bu balans dəyişikliyinin fonudur, səbəbi deyil. Səbəb daha dərindir: Rusiya zəifləyib,
İran daxilə çəkilib, Türkiyə aktivləşib, ABŞ isə boşluqları sevir. Boşluq olan
yerdə ABŞ həmişə “yol” çəkir. Bəzən bu yol tanklarla olur, bəzən boru kəmərləri
ilə, bəzən də logistika və ticarət adı altında. TRIPP də məhz belə bir yoldur.
Azərbaycanın taleyi
coğrafiya ilə yazılıb. Amma bu coğrafiya heç vaxt sadəcə xəritə üzərindəki yer
olmayıb. Bura həmişə yolların kəsişdiyi, imperiyaların dayanıb düşündüyü, böyük
güclərin “buradan necə keçək?” sualını verdiyi məkandır. Bu gün də istisna
deyil. TRIPP-in ətrafında yaranan geopolitik səs-küyün mərkəzində Azərbaycan
dayanırsa, bu təsadüf deyil. Çünki Cənubi Qafqazda heç bir layihə Azərbaycansız
işləyə bilməz. Və bu reallıq artıq təkcə Bakıda yox, Vaşinqtonda, Moskvada,
Ankarada və Tehranda da qəbul olunur.
ABŞ-nin Ermənistanda
hərbi-siyasi baxımdan möhkəmlənməsi məsələsi də məhz bu kontekstdə oxunmalıdır.
Burada emosional yanaşma ilə “ABŞ gəldi, təhlükə artdı” demək asandır. Amma
geopolitika emosiyanı sevmir. ABŞ heç vaxt bir ölkəyə başqa bir ölkəni zəiflətmək
üçün gəlmir. ABŞ gələndə sistem qurur. O sistem bəzən birini gücləndirir, bəzən
başqasını zəiflədir, amma əsas məqsəd balansı öz xeyrinə dəyişməkdir.
Ermənistanda ABŞ-ın
mövcudluğunun artması ilk baxışda Azərbaycana qarşı yönəlmiş kimi görünə bilər.
Amma bu yalnız səthi oxunuşdur. Reallıqda isə, ABŞ-nin Ermənistanla işləməsinin əsas
səbəbi Ermənistanın zəifliyidir. Güclü dövlətlər üzərində eksperiment
aparılmır. Zəif, asılı, alternativ axtaran dövlətlər isə böyük güclər üçün
“laboratoriya” rolunu oynayır. Ermənistan bu baxımdan ideal namizəddir: Rusiya
ilə münasibətləri aşınıb, İranla münasibətləri risklidir, Türkiyə ilə hələ də həll
olunmamış problemləri var. ABŞ üçün belə bir ölkə üzərində iqtisadi-logistik
layihə qurmaq həm ucuzdur, həm də idarəolunandır.
Bəs bu, Azərbaycana
nə verir? Ən vacib məqam da buradadır. ABŞ-nin Ermənistan üzərindən regiona
girişi avtomatik olaraq Azərbaycanın əhəmiyyətini azaldırmı? Xeyr. Əksinə. ABŞ
regionda qalıcı olmaq istəyirsə, bu, yalnız Azərbaycanla mümkündür. Ermənistan
platformadır, Azərbaycan isə dayaqlıdır. Platformalar dəyişir, dayaqlar qalır.
ABŞ bunu anlayır və buna görə də TRIPP-in mərkəzində birbaşa Ermənistan yox, Azərbaycan–Naxçıvan–Türkiyə
xətti dayanır.
Burada başqa bir incə
məqam da var: ABŞ-ın Ermənistanda olması Rusiyanın avtomatik olaraq Azərbaycana
daha ehtiyatlı yanaşmasına səbəb olur. Uzun illər Moskva Cənubi Qafqazda əsas
söz sahibiydi. İndi isə ilk dəfə real alternativ görür. Bu alternativ Azərbaycan
üzərindən qurulur. Bu da Bakının manevr imkanlarını genişləndirir. Azərbaycan
artıq tək bir gücün orbitində deyil. Bu isə təhlükə yox, düzgün idarə olunarsa,
üstünlükdür.
ABŞ-ın regiona yerləşməsi İran, Türkiyə və Rusiya üçün nə vəd edir? Əslində, hər üçü üçün eyni şeyi: məhdudiyyət. İran üçün bu, ən ağrılıdır. Çünki İran Cənubi Qafqazı uzun illər öz “təhlükəsizlik buferi” kimi görüb. Ermənistan bu buferin əsas elementi idi. İndi isə, həmin buferin içinə ABŞ kapitalı, ABŞ şirkətləri, ABŞ siyasi təsiri daxil olur. İranın panikası da buradan qaynaqlanır. Söhbət nə Zəngəzurdan gedir, nə də Naxçıvandan. Söhbət İranın regiondakı eksklüzivliyinin bitməsindən gedir.

Türkiyə üçün vəziyyət
fərqlidir. Ankara ABŞ-ın bölgəyə girməsini nə tam təhlükə, nə də tam fürsət
kimi görür. Türkiyə üçün əsas olan Azərbaycanın təhlükəsizliyidir. Çünki Azərbaycan
zəifləsə, Türkiyə Cənubi Qafqazda tənha qalır. TRIPP isə Türkiyə–Azərbaycan xəttini
gücləndirir. ABŞ burada Türkiyənin qarşısına çıxmır, əksinə, mövcud reallığı qəbul
edir. NATO üzvü olan Türkiyə ilə faktiki müttəfiq olan Azərbaycan arasında
logistika və iqtisadi bağların dərinləşməsi Vaşinqton üçün problem deyil, idarə
olunan prosesdir.
Rusiya isə ən çətin
vəziyyətdədir. Çünki Moskva həm ABŞ-ı regiondan çıxarmaq gücünü itirib, həm də
Azərbaycanla açıq qarşıdurmaya getmək istəmir. Rusiyanın dilemması buradadır:
TRIPP-i əngəlləsə, regiondan tam kənarlaşma riski yaranır; razılaşsa, uzun illər
qurduğu nəzarət mexanizmləri zəifləyir. Ona görə də Moskva vaxt udur, müşahidə
edir, bəyanatlar verir, amma kəskin addım atmır. Bu, zəifliyin yox, çıxış
yolunun olmamasının göstəricisidir.
Bəs ABŞ regionda
kürd kartından istifadə edə bilərmi? Bu sual uzun illərdir dolaşır. Amma açıq
danışmaq lazımdır: Cənubi Qafqaz Yaxın Şərq deyil. Burada kürd kartı əvvəlki
effektini itirib. ABŞ bu kartdan Türkiyəyə qarşı istifadə etməyin nə qədər baha
başa gəldiyini artıq Suriyada görüb. Türkiyə ilə açıq toqquşma Vaşinqtonun
maraqlarına uyğun deyil. Ona görə də Cənubi Qafqazda kürd kartı ehtiyat alətdir,
əsas strategiya deyil. ABŞ-ın əsas aləti iqtisadi asılılıq və logistika nəzarətidir.
TRIPP də bu alətin təmiz formasıdır.
Ən həssas suallardan
biri isə budur: ABŞ regionda Rusiya ilə gizli sövdələşməyə gedə bilərmi? Tarix
göstərir ki, böyük güclər açıq düşmənçilikdən çox, gizli razılaşmaları sevir.
Amma bu razılaşmalar adətən kiçik ölkələrin hesabına olur. Burada Azərbaycan
üçün əsas məsələ də məhz budur: heç bir sövdələşmənin obyektinə çevrilməmək.
İndiyə qədər Bakı bunu bacarıb. Balans siyasəti, emosiyadan uzaq mövqe, tələsməyən
qərarlar Azərbaycanın əsas üstünlüyü olub. TRIPP də bu baxımdan testdir.
Çünki bu layihə
yalnız yol deyil. Bu, Azərbaycanın gələcək onilliklərdə hansı güc mərkəzləri ilə
necə münasibət quracağını müəyyən edəcək bir mexanizmdir. Səhv oxunsa –
riskdir. Düz oxunsa – tarixi fürsət.
ABŞ-ın regiona
baxışı xəritə üzərində yox, zaman üzərində qurulur. Vaşinqton üçün əsas sual
“bu gün nə qazanıram?” deyil, “on ildən sonra harada dayanacağam?” sualıdır.
TRIPP də bu zaman məntiqinin məhsuludur. ABŞ bu layihə ilə nə Ermənistanı xilas
edir, nə də Azərbaycana xüsusi hədiyyə verir. ABŞ sadəcə Cənubi Qafqazda özünün
geri dönməz izini qoyur. Bu iz tank palçığı deyil, asfalt, rels,
fiber-optik kabel və kapital axınıdır. Bu cür izlər daha səssizdir, amma daha
qalıcıdır.
Burada əsas məqam
ondan ibarətdir ki, ABŞ artıq regionda “vasitəçi” olmaq istəmir. Vasitəçilər
gedir, strukturlar qalır. Vaşinqton bunu Balkanlarda da etdi, Yaxın Şərqdə də
sınadı, indi isə Cənubi Qafqazdadır. TRIPP bir infrastruktur layihəsi kimi təqdim
olunsa da, əslində geosiyasi arxitektura layihəsidir. Yəni kim haradan
keçir, kim kimə möhtac qalır, kim hansı xətt bağlansa boğulur – bütün bunlar əvvəlcədən
hesablanır.
ABŞ üçün əsas hədəflərdən biri Rusiyanı birbaşa qarşıdurmaya girmədən sıxışdırmaqdır. Açıq müharibə bahalıdır, sanksiyalar isə tükənir. Amma alternativ marşrutlar açmaq – bu daha ucuz və effektivdir. Orta Dəhlizin, Zəngəzurun, TRIPP-in mahiyyəti də budur: Rusiya üzərindən keçmədən Avrasiya ilə əlaqə qurmaq. Bu, Moskva üçün strateji zərbədir, amma səssiz zərbədir. Elə zərbə ki, cavab vermək çətindir. Çünki yol tikənə raket atmaq diplomatik intihardır.
Bu nöqtədə ən təhlükəli
sual ortaya çıxır: ABŞ və Rusiya gizli razılaşmaya gedə bilərmi? Bəli, gedə bilər.
Getməyib desək, tarixə yalan danışmış olarıq. Amma bu razılaşmalar artıq Yalta
tipli deyil. Böyük konfranslar, böyük xəritələr yoxdur. İndi razılaşmalar
sektor-sektor olur. Bir yerdə göz yummaq, başqa yerdə sərtləşmək. ABŞ Ukraynada
Rusiyanı sıxışdırırsa, Cənubi Qafqazda tam toqquşmaya getməyə də bilər. Bu isə
o deməkdir ki, bəzi xətlərdə “toxunmamaq” razılaşmaları mümkündür.
Məhz buna görə Azərbaycan
üçün əsas təhlükə ABŞ və ya Rusiya deyil. Əsas təhlükə obyektə çevrilməkdir.
Əgər hansısa masa arxasında “bu marşrut səndən keçsin, amma şərtlərini biz deyək”
yanaşması yaranarsa, bu artıq problem deməkdir. İndiyə qədər Azərbaycan bu tələyə
düşməyib. Amma TRIPP kimi uzunmüddətli layihələrdə risklər də uzunmüddətli
olur.
Burada İran faktoruna qayıtmaq lazımdır. İranın bu qədər əsəbi olmasının səbəbi təkcə ABŞ deyil. İran hiss edir ki, regionda oyun qaydaları dəyişir və bu dəyişiklik onun ideoloji alətlərini işə yaramaz edir. İranın əsas təsir mexanizmi həmişə emosional olub: dini bağlar, ideoloji çağırışlar, qorxu ritorikası. TRIPP isə emosiyanı kənara qoyur. Bu layihə insanlara deyir: yol var, ticarət var, iş var, alternativ var. Bu isə ideologiyaların ən böyük düşmənidir.

İranda etirazların
fonunda TRIPP-in gündəmə gəlməsi də bu baxımdan simvolikdir. ABŞ və tərəfdaşları
açıq deməsələr də, mesaj aydındır: regionda gələcək qapalı sistemlərə yox, açıq
axınlara aiddir. İran isə hələ də qapalı sistemin içindədir. Ona görə də bu yol
Tehranda təkcə strateji yox, psixoloji qorxu yaradır. Çünki bu yol İran cəmiyyətinə
də dolayısı mesaj verir: “alternativ mümkündür”.
ABŞ-ın kürd kartına
qayıdaq. Bu kart hələ də Vaşinqtonun əlindədir, amma artıq əsas silah deyil.
ABŞ indi etnik parçalanma üzərindən yox, iqtisadi bağlanma üzərindən işləyir.
Kürd kartı xaos yaradır, TRIPP isə nizam. ABŞ bu mərhələdə xaos istəmir. Çünki
xaosda yol tikilmir, investisiya qorxur, kapital qaçır. Ona görə də Cənubi
Qafqaz üçün seçilən model “kontrollu transformasiya”dır.
Bu modelin ən
maraqlı tərəfi odur ki, o, müharibəsiz dəyişiklik vəd edir. Amma tarix göstərir
ki, müharibəsiz dəyişikliklər də ağrısız olmur. Sadəcə ağrı səssiz olur. Sosial
gərginliklər, siyasi narazılıqlar, köhnə elitaların kənara çəkilməsi – bunlar
hamısı prosesin təbii hissəsidir. Ermənistan bu ağrını artıq yaşayır. İran
yaşayır. Rusiya hiss edir. Azərbaycan isə hələlik bu ağrının kənarındadır. Amma
mərkəzdə olan heç kim uzun müddət ağrısız qala bilməz.
Əgər bu hüquq
qorunarsa, TRIPP Azərbaycan üçün sadəcə yol yox, yeni status demək olacaq. Əgər
qorunmazsa, yol başqasının olacaq, torpaq sənin olsa da.
Və indi artıq son
sual qalır: bütün bu proseslərin sonunda Cənubi Qafqaz nə olacaq? Yeni sülh
zonası, yoxsa yeni rəqabət xətti?
Cənubi Qafqaz heç
vaxt rahat region olmayıb. Burada sülh həmişə fasilə kimi yaşanıb, daimi vəziyyət
kimi yox. İndi isə, region yenidən bir yol ayrıcındadır. Amma bu dəfə seçim
tankla, ultimatumla, müharibə ilə edilmir. Bu dəfə seçim marşrutlarla, müqavilələrlə,
investisiya xəritələri ilə edilir. TRIPP də məhz bu yeni dövrün
simvoludur. O, köhnə münaqişə dilini yox, yeni güc dilini təmsil edir. Və bu
dil səssizdir, amma sərtdir.
Bu layihə ətrafında
yaranan bütün gərginliklər, bəyanatlar, narahatlıqlar əslində bir sualın ətrafında
fırlanır: Cənubi Qafqaz kimə məxsus olacaq? Rusiya üçün bu region uzun illər “təsir
zonası” idi. İran üçün “təhlükəsizlik kəməri”. ABŞ üçün isə uzun müddət “kənar
məkan”. İndi isə bu anlayışlar dağılıb. Təsir zonaları əriyir, kəmərlər
deşilir, kənar məkan anlayışı yox olur. Çünki qlobal iqtisadiyyat mərkəz və
periferiyanı yenidən müəyyən edir.
TRIPP-in ən təhlükəli
və eyni zamanda ən cəlbedici tərəfi də buradadır. O, regionu mərkəzə çəkməyi vəd
edir. Amma mərkəz olmaq hər zaman xeyir demək deyil. Mərkəz olmaq diqqət deməkdir.
Təzyiq deməkdir. Seçim məcburiyyəti deməkdir. Azərbaycan üçün əsas sınaq da
burada başlayır. Çünki Azərbaycan artıq “kənarda qalan” ölkə deyil. O, regional
oyunların ortasındadır. Və ortada duranlar adətən ən çox zərbə alanlar olur.
Bu kontekstdə
tez-tez səslənən qorxulardan biri budur: TRIPP Azərbaycanın daxilinə təlatüm gətirə
bilərmi? Bu qorxu başa düşüləndir, amma həddindən artıq şişirdilir. Təlatüm yollarla
gəlmir. Təlatüm zəif dövlətlərə, zəif institutlara, parçalanmış cəmiyyətlərə gəlir.
Azərbaycanın problemi bu deyil. Azərbaycanın problemi başqa yerdədir: həddindən
artıq əhəmiyyətli olmaq. Bu isə daha incə idarəetmə tələb edir.
Digər tərəfdən, “birləşmə”
ideyasının emosional cazibəsi də real siyasətlə qarışdırılmamalıdır. Naxçıvanla
maneəsiz bağlantı milli məsələdir, bəli. Amma bu məsələni romantik mifə çevirmək
risklidir. Geopolitika romantikanı bağışlamır. Əgər bu bağlantı Azərbaycanın qərarvermə
suverenliyini gücləndirirsə – bu fürsətdir. Əgər bu bağlantı üçüncü tərəflərin
nəzarət mexanizminə çevrilirsə – bu tələdir. Bu fərqi ayırd etmək isə yalnız
emosiyadan uzaq, soyuqqanlı düşüncə ilə mümkündür.
ABŞ-ın regionda
qalıcı olması nə sülh zəmanətidir, nə də avtomatik təhlükə. ABŞ maraqlar üzərindən
hərəkət edir. Bu maraqlar bu gün Azərbaycanın maraqları ilə kəsişə bilər, sabah
ayrışa bilər. Dövlətlər üçün əsas məsələ tərəfdaşın kim olması deyil, öz
mövqeyinin nə qədər möhkəm olmasıdır. Güclü mövqe olan yerdə tərəfdaşlıq
işləyir. Zəif mövqe olan yerdə isə istismar başlayır.
Rusiya ilə münasibətlər
də bu kontekstdə yenidən oxunmalıdır. Moskva artıq əvvəlki Moskva deyil. Amma
bu o demək deyil ki, Rusiya regiondan birdən-birə çəkiləcək. Əksinə, o, daha incə,
daha selektiv, daha taktiki davranacaq. ABŞ–Rusiya arasında açıq razılaşmalar
olmasa da, səssiz “toxunma zonaları” mümkündür. Azərbaycan bu zonaların
obyektinə çevrilməməlidir. Bunun üçün də əsas silah balansdır. Nə emosional Qərbpərəstlik,
nə də köhnə qorxularla Şərqə bağlanmaq.
İran məsələsi isə,
daha mürəkkəbdir. İran bu prosesdən kənarda qaldığını hiss etdikcə daha
aqressiv bəyanatlar verəcək. Amma bu, real güc göstəricisi yox, psixoloji
müdafiə refleksidir. İranın daxili problemləri onun regional ambisiyalarını zəiflədir.
Bu, Azərbaycanın yox, İranın problemidir. Azərbaycanın əsas vəzifəsi bu zəifliyin
cazibəsinə qapılmamaqdır. Çünki zəifləyən güclər bəzən ən təhlükəli addımları
atır.
Beləliklə, TRIPP nə
xilasedicidir, nə də fəlakət. O, testdir. Azərbaycanın strateji düşünmə
qabiliyyətinin testi. Dövlətin özünü necə gördüyünün testi. Qərarvericilərin
emosiyaya yox, tarixi məsuliyyətə nə qədər sadiq olduğunun testi.
Cənubi Qafqaz yeni
dizayna keçir. Bu dizayn hələ tamamlanmayıb. Xətlər çəkilir, pozulur, yenidən çəkilir.
Bu prosesdə qalib olmaq üçün səs-küylü olmaq yox, səbirli olmaq
lazımdır. Tarix göstərir ki, ən uzunömürlü dövlətlər ən yüksək səslə danışanlar
yox, ən uzun düşünənlər olub.
Azərbaycan bu gün düşünmək məcburiyyətindədir. Çünki yol gəlir. Yol həmişə hərəkət deməkdir. Amma hərəkətin istiqamətini seçmək hələ də Azərbaycanın əlindədir.
12:07 16.01.2026
Oxunuş sayı: 2349