Prezident İlham Əliyevin müsahibəsi dövlət və "dördüncü hakimiyyət" arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik hadisədir
Bu gün dördüncü sənaye inqilabının baş verdiyi dünyamızın transformasiyası fonunda inkişaf etmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər. Azərbaycan da öz növbəsində Cənubi Qafqazın lokomotiv dövləti olaraq öz məsuliyyətini tam aydın şəkildə dərk edərək, davamlı olaraq inkişaf edir, ardıcıl çoxvektorlu xarici siyasət nümayiş etdirir.
Təbii ki, davamlı inkişafın kökündə ölkə daxilində hər bir sahəni əhatə edən proqramlar, uğurlu sosial-iqtisadi layihələr, o cümlədən müasir dövrün tələblərinə cavab verən media islahatları dayanır.
Qeyd edək ki, son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bu günki dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib.
Bildiyimiz kimi, 5 yanvar 2026-ci il tarixində dövlət başçısı yerli televiziya kanallarının nümayəndələri ilə görüş keçirdi, həm 2025-ci ilin sosial-iqtisadi, siyasi nəticələrinə, həm də 2026-cı ildə Azərbaycanın, hər birimizin qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi, eyni zamanda jurnalistlərlə geniş fikir mübadiləsi apardı.
Bu görüşün demək olar ki, 3 saat davam etməsi bir daha dövlət və "dördüncü hakimiyyət" arasında münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən hadisə kimi də qiymətləndirilir.
Artıq ənənə halını almış bu müsahibələrin keçirilməsi, doğrudan da, ölkədə cəmiyyət üçün çox faydalı və zəruridir. Ölkə başçısı istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamətlərini əhatə edən sualları cavablandırmaqla il ərzində görülmüş işlərə öz qiymətini verir.
Onun səsləndirilən suallara geniş müsahibə formatında öz fikrini bildirməsini bir neçə istiqamətdə ehtiva etmək mümkündür.
İlk növbədə ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulmuş hədəflərə nail olunmasında hansı istiqamətdə fəaliyyət göstərəcəyini konkret olaraq Canab Prezidentin nitqindən eşidir.
Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibəyə əsaslanaraq məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlərin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər.
Xüsusilə, ölkə başçısının fikirləri Azərbaycan dövlətinin dövlətlərarası münasibətlərdə strateji yanaşmasını, onun beynəlxalq əməkdaşlığa verdiyi yüksək önəmi və ölkəmizin Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasına dair prinsipial mövqeyini bir daha təsdiqləyir.
Azərbaycan Prezidentinin “2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” sözləri bundan sonra həm ölkədaxili sabitliyin daha da möhkəmlənəcəyini, həm də dünya dövlətlərinin Azərbaycanıa regional və ikitərəfli əməkdaşlıqlarının dərinləşəcəyini deməyə əsas verir.
Bu məcrada, Azərbaycan-ABŞ münasibətləri kontekstində müsahibə zamanı səsləndirilən fikirlər ikitərəfli əməkdaşlığın daha praqmatik və nəticəyönümlü mərhələyə daxil olduğunu göstərir. Qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər regional təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş imici ABŞ ilə dialoqun qarşılıqlı hörmət, konstruktiv yanaşma üzərində qurulmasına şərait yaradır və bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin nitqinə nəzər yetirdikdə Azərbaycanın regionda lider dövlət kimi mövqeyi real siyasi və iqtisadi göstəricilər fonunda əsaslandırılır. Son illər ərzində ölkənin artan geosiyasi çəkisi, iqtisadi potensialı, habelə strateji təşəbbüsləri Azərbaycanın regional proseslərdə əsas rol oynayan aktorlardan birinə çevrildiyini təsdiqləyir. Enerji və nəqliyyat layihələri vasitəsilə dünyanın aparıcı dövlətləri ilə formalaşan əməkdaşlıq platformaları Azərbaycanın Cənubi Qafqazda inteqrasiya və inkişaf proseslərinin aparıcı qüvvəsi olduğunu göstərir.
Eyni zamanda, dövlət başçısının əldə olunan iqtisadi nailiyyətləri, eləcə də sosial sahədə görülən işləri qeyd etməsi, son yeddi il ərzində icra olunan beş sosial islahat paketinə 8 milyard manata yaxın vəsaitin xərclənməsi ilə bağlı məlumatı səsləndirməsi, zənnimcə, hər bir Azərbaycan vətəndaşının rifahı üçün həyata keçirilən ardıcıl tədbirləri hər bir vətəndaşımız üçün bir daha aydın etdi.
İnanırıq ki, Azərbaycanın qarşıda duran hədəflərə nail olmasında yerli telekanallar, kütləvi informasiya vasitələri, dövrü mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası öz səylərini əsirgəməyəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində bundan sonra da əzmkar fəaliyyət göstərəcəkdir.

Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı
11:09 08.01.2026
Oxunuş sayı: 2905