Bu gün Horadiz döyüşünün ildönümüdür – Azərbaycan ordusunun şanlı zəfəri
Bu gün, 6 yanvar Azərbaycanın hərb tarixində mühüm yer tutan Horadiz döyüşünün ildönümü qeyd olunur. 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirilən bu əməliyyat Azərbaycan ordusunun Qarabağ müharibəsində qazandığı ilk böyük uğurlardan biri kimi tarixə düşüb. Horadiz döyüşü təkcə hərbi qələbə deyil, həm də uzun müddət çətin vəziyyətdə yaşayan xalqımız üçün ümid və inamın bərpası idi.
1990-cı illərin əvvəllərində Azərbaycanın vəziyyəti son dərəcə ağır idi. Ermənistan silahlı qüvvələri ölkəmizin bir çox ərazilərini işğal etmişdi. Füzuli rayonu, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşmən nəzarətində idi. Həmin illərdə Azərbaycan ordusu yeni formalaşırdı, kifayət qədər silah-sursat və hərbi təcrübə yox idi. Ölkədə siyasi və hərbi baxımdan xaotik vəziyyət hökm sürürdü.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik yaranmağa başladı. Orduda nizam-intizam gücləndirildi, hərbi hissələr komplektləşdirildi, döyüş qabiliyyəti artırıldı. Bütün bu tədbirlər Azərbaycan Silahlı Qüvvələrinin güclənməsində və əks-hücum əməliyyatlarına hazır vəziyyətə gətirilməsində mühüm rol oynadı.
1993-cü ilin yayında Ermənistan silahlı qüvvələri Qubadlı rayonunu işğal etdi. Daha sonra Horadizi ələ keçirərək Zəngilanla əlaqəni kəsdilər. Düşmən yeni hücumlar üçün mövqelərini möhkəmləndirməyə çalışırdı. Lakin Azərbaycan ordusu 1993-cü ilin dekabrında üç istiqamətdə əks-hücuma başladı və düşmənin müdafiə xəttini zəiflətməyə nail oldu. Bu hücumların ən mühüm mərhələsi Horadiz əməliyyatı oldu.
Əməliyyat 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə başladı. Azərbaycan əsgərləri böyük fədakarlıq və cəsarətlə döyüşə atıldı. Qısa müddət ərzində düşmənin canlı qüvvəsi və hərbi texnikası sıradan çıxarıldı, strateji yüksəkliklər ələ keçirildi. 702-ci briqadanın məlumatına görə, döyüşlər zamanı düşməndən 3 tank, 1 “Şturm-S” qurğusu, 6 top, 6 top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi və çoxlu silah-sursat qənimət götürüldü.
6 yanvar 1994-cü il tarixində 702-ci alay Horadizə daxil oldu. Qəsəbə, Horadiz dəmir yolu stansiyası və Araz çayı üzərində yerləşən Xudafərin körpüləri Azərbaycan ordusunun nəzarətinə keçdi. Əməliyyata polkovnik Şair Ramaldanov rəhbərlik edirdi. Horadizin azad edilməsi həm Füzuli istiqamətində, həm də Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində mühüm hərbi üstünlük yaratdı.
Horadiz döyüşündə çoxsaylı qəhrəmanlıq nümunələri göstərildi. 702-ci alayın kapitanı Elxan Zülfüqarov Şükürbəyli uğrunda gedən döyüşlərdə şəhid oldu və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Bölük komandiri Qorxmaz Eyvazov Cocuq Mərcanlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu və o da Milli Qəhrəman adına layiq görüldü. Tankçı Şakir Bayramov isə döyüşərək Horadizə daxil oldu, erməni bayrağını endirib Azərbaycan bayrağını qaldırdı.
Horadiz əməliyyatı nəticəsində Horadiz qəsəbəsi, Füzuli rayonunun 21 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Düşmənin Füzulinin şimal istiqamətində planlaşdırdığı hücumların qarşısı alındı.
Bu qələbə Azərbaycan ordusunun gücünü və xalqın birliyini açıq şəkildə nümayiş etdirdi.
Azad edilən ərazilərdə bərpa işlərinə başlanıldı. Yollar çəkildi, körpülər salındı, məktəblər və tibb müəssisələri tikildi. 2003-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verildi, bölgədə məcburi köçkünlər üçün 17 yeni qəsəbə salındı.
Horadiz döyüşü sonrakı illərdə qazanılan hərbi uğurların əsasını qoydu. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin Vətən müharibəsi Azərbaycan ordusunun gücünü bir daha sübut etdi. 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin 5 şəhəri, 4 qəsəbəsi və 300-dən çox kəndi işğaldan azad edildi.
Bu gün Horadiz döyüşünü xatırlayarkən, Azərbaycan əsgərinin qəhrəmanlığını, şəhidlərimizin fədakarlığını və ordumuzun sarsılmaz iradəsini yad edirik. Məhz bu qələbələr sayəsində bu gün Vətənimizin hər guşəsində rahat nəfəs ala bilirik. Horadiz döyüşü Azərbaycan xalqının birlik, mübarizə və qələbə ruhunun simvolu olaraq tarixdə əbədi qalacaq.
Fatimə Məmmədova
12:02 06.01.2026
Oxunuş sayı: 2835