Böyük qayıdışın səsi: İlham Əliyevin Ağdam çıxışı
Qarabağda səslənən mesaj: İlham Əliyev niyə məhz indi Ağdama getdi?
Tarixdə bəzi səfərlər var ki, rəsmi təqvimdə sadəcə “işgüzar səfər” kimi görünür, amma əslində siyasi manifestdir. İlham Əliyevin 24 dekabrda – doğum günündə – Ağdama getməsi məhz belə səfərlərdən biridir. Bu səfər nə protokol zərurəti idi, nə də sırf “Böyük Qayıdış”ın texniki mərhələsi. Bu səfər zamanlama, məkan və kontekst baxımından birbaşa geosiyasi mesaj idi.
Eyni günlərdə Rusiya Sankt-Peterburqda MDB sammiti keçirirdi. İlham Əliyev isə ora getmədi. Əvəzində Qarabağa – Ağdama getdi. Bu iki fakt ayrı-ayrı yox, bir-birini tamamlayan siyasi cümlələrdir. Prezident faktiki olaraq dedi: “Mənim siyasi mərkəzim Peterburq deyil, Ağdamdır.”
Bu, sadəcə diplomatik jest deyil. Bu, post-imperial məkanda suverenliyin açıq bəyanıdır.

Ağdam – yeni siyasi paytaxtın rəmzi kimi
İlham Əliyev niyə Bakını yox, Şuşanı yox, Xankəndini yox, məhz Ağdamı seçdi? Çünki Ağdam təkcə dağıdılmış şəhər deyil. Ağdam urbisidə uğramış şəhərdir – yəni bir xalqın yaddaşını silmək üçün məhv edilmiş məkandır. Prezident çıxışında “urbisid” sözünü təsadüfən işlətmir. Bu termin beynəlxalq hüquq və urbanistika ədəbiyyatında soyqırıma yaxın anlayışdır. Əliyev bununla həm Qərbə, həm Rusiyaya, həm də daxili auditoriyaya deyir: “Bu torpaq təkcə hərbi yox, mədəni, tarixi və ontoloji mübarizənin obyektidir.”
Ağdamdan danışmaqla o, Qarabağ mövzusunu yenidən milli varlıq məsələsinə çevirir. Və bu, Rusiyanın sevdiyi “regional münaqişə”, “status”, “vasitəçilik” diskursunu tam dağıdır. Peterburqa getməmək: səssiz, amma sərt cavab MDB sammitinə qatılmamaq diplomatik etiket baxımından “soyuq jest” sayılır. Amma İlham Əliyev bu jesti əsəblə yox, arxayınlıqla etdi. Çünki artıq Bakı üçün Moskva “hakim mərkəz” deyil, regional oyunçulardan biridir. Əliyevin Ağdamdan dediyi əsas cümlələrdən biri budur: “Bizə qarşı olan qüvvələr bizi dayandırmaq istəyirdi.”
Bu “qüvvələr” konkret ad çəkməsə də, kontekst hər şeyi deyir. Burada təkcə Ermənistan nəzərdə tutulmur. Burada vasitəçi adı altında status-kvonu qoruyan güclər, o cümlədən Rusiya diplomatik-ideoloji xətti də nəzərdə tutulur. Xüsusən Minsk qrupunun “arxivə göndərilməsi” ifadəsi faktiki olaraq belə səslənir: “Sizin dövrünüz bitdi.”
Bu, Moskva üçün açıq mesajdır: Qarabağ artıq geosiyasi alver predmeti deyil.
Daxildəki “5-ci kolon”a ünvanlanan sakit xəbərdarlıq
Əliyev çıxışında bir dəfə də olsun “daxili düşmən”, “5-ci kolon” ifadəsini işlətmir. Amma bütün çıxış onlara ünvanlanıb. Xüsusilə bu cümlə: “Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub.”
Bu, açıq siyahı deyil, amma xatırlatmadır. Bu cümlə ilə Prezident daxildə hələ də Rusiyanın siyasi orbitində düşünən, “balans”, “neytrallıq”, “qayıdaq köhnə danışıqlara” deyən çevrələrə mesaj verir: “Tarix artıq seçim edib, siz gecikmisiniz.”
Əliyev Ağdamda xalqın arasında, sadə insanların qarşısında danışaraq daxili auditoriyaya deyir: “Mənim legitimliyim xarici paytaxtlardan yox, bu torpağın insanından gəlir.”
Bu, 5-ci kolon üçün ən təhlükəli mesajdır. Çünki onların əsas dayağı həmişə “xarici mərkəzlər” olub.
Xalqla emosional bağ – siyasi texnologiya yox, varlıq siyasəti
Bu çıxışda diqqət çəkən əsas məqam budur: İlham Əliyev xalqla danışır, xalqa müraciət edir. Onun dili texnokratik deyil, tarixi və emosionaldır. Şəhidlər, urbisid, talançılıq, məscidlərdə donuz saxlanması – bunlar soyuq diplomatik terminlər deyil. Bunlar yaddaşın dilidir. Bu dil daxili auditoriyaya bir şeyi deyir: “Bu dövlət yalnız institutlardan yox, yaddaşdan qurulub.”
Bu, xüsusilə gənc nəsilə ünvanlanan mesajdır. “Unutmamalıyıq” cümləsi dəfələrlə təkrarlanır. Bu, təsadüf deyil. Bu, gələcək siyasi dövrlər üçün ideoloji çərçivədir.

Sözün arxasındakı güc: Ağdam çıxışının geosiyasi kodları
Ağdamda deyilənlər yalnız emosional yaddaşa xitab etmirdi. Bu çıxış kodlaşdırılmış siyasi mətndir. İlham Əliyev burada nə qədər sadə və insani dildə danışsa da, hər cümlə bir neçə auditoriya üçün paralel oxunuş imkanı yaradırdı. Xalq eşitdiyini anlayırdı, amma eyni zamanda Vaşinqton, Moskva, Brüssel və Ankara da bu mətni diqqətlə “oxuyurdu”.
Əliyev birbaşa hədələyici ifadələrdən istifadə etmədi. Amma müasir geopolitikada ən sərt mesajlar məhz sakit tonla verilir. Prezidentin “biz öz gücümüzlə bu torpaqları azad etdik” cümləsi əslində regional güclərə yönəlmiş belə bir tezisdir: Azərbaycan bundan sonra təhlükəsizlik istehsalçısıdır, istehlakçısı deyil.
Bu, çox mühüm dönüş nöqtəsidir. Çünki 30 il ərzində Azərbaycan beynəlxalq sistemdə “problemi olan ölkə” kimi təqdim olunurdu. İndi isə, bu problem həll edilmiş faktdır və bu faktı yaradan tərəf məhz Bakıdır.
Antiterror əməliyyatı: qısa, amma sistem dağıdan zərbə
Prezidentin çıxışında antiterror əməliyyatına toxunması texniki xatırlatma deyildi. Bu, beynəlxalq hüquqa verilmiş açıq dərs idi. Əliyev demək istəyirdi ki, suveren dövlət öz ərazisində qeyri-qanuni silahlı birləşməni bir günə ləğv edibsə, bu artıq zəif dövlət deyil.
Bu mesaj xüsusilə iki istiqamətə hesablanmışdı. Birincisi, Ermənistana: “artıq köhnə xəyalların vaxtı bitib”. İkincisi isə, sülhməramlı mexanizmlərə ümid bağlayan dairələrə: “təhlükəsizliyi başqası yox, biz təmin edirik”.
Əliyevin Ağdamda dediyi “biz separatçılığa son qoyduq” cümləsi əslində post-sovet məkanında presedent yaradan tezisdir. Bu presedent sabah başqa ölkələrdə də müzakirə olunacaq. Ona görə də, bu çıxış təkcə Qarabağla bağlı deyil, daha geniş regional nizamın yenidən yazılmasıdır.
Sülh ritorikası – güzəşt yox, üstünlük mövqeyi
Çıxışda diqqət çəkən məqam ondan ibarətdir ki, İlham Əliyev sülhdən danışır, amma bu sülh zəifin sülhü deyil. Bu, qalibin diktə etdiyi, amma ədalətə əsaslanan sülhdür. “Biz sülh istəyirik” ifadəsi burada “biz razılaşmaq məcburiyyətindəyik” anlamına gəlmir. Əksinə, bu cümlə belə oxunur: Biz güc tətbiq etdik, indi isə normallaşma mərhələsinə keçirik.
Bu ritorika Ermənistan üçün psixoloji baxımdan ən çətin nöqtədir. Çünki qarşı tərəf nə revanşistdir, nə də emosional. Bu isə, müharibədən sonra qalib gələn dövlət üçün ən yüksək siyasi mərhələdir.
Əliyevin Ağdamda “ermənilər də bu torpaqlarda normal yaşaya bilərlər” deməsi humanist jest kimi görünsə də, əslində konstitusion reallığın bəyanıdır. Yəni bu ərazilərdə yaşam şərtini artıq Bakı müəyyən edir. Bu da beynəlxalq hüququn klassik prinsipinə tam uyğundur.
Yaddaş siyasəti: keçmişi xatırlamaq, gələcəyi nəzarətdə saxlamaq
Prezident çıxış boyunca dəfələrlə dağıdılmış məscidlərdən, talan olunmuş şəhərlərdən danışır. Bu, emosional təsvir deyil. Bu, yaddaşın qurumsallaşdırılmasıdır. Əliyev bununla deyir ki, bu hadisələr sadəcə tarix kitablarında qalmayacaq, dövlət siyasətinin bir hissəsinə çevriləcək.
Bu yanaşma iki məqsədə xidmət edir. Birincisi, daxili auditoriya üçün milli birliyi möhkəmləndirir. İkincisi isə, beynəlxalq müstəvidə mənəvi üstünlük yaradır. Çünki Azərbaycan burada qisasçı yox, haqlı tərəf kimi çıxış edir.
“Biz bunu unutmayacağıq” cümləsi gələcək nəsillərə yönəlik strateji mesajdır. Bu, nə nifrət çağırışıdır, nə də revanşizm. Bu, sadəcə tarixdən dərs çıxarmaqdır. Dövlətlər üçün isə, yaddaş həmişə təhlükəsizlik məsələsidir.
Ağdamdan baxılan gələcək
Bu çıxışdan sonra Ağdam artıq təkcə bərpa olunan şəhər deyil. Ağdam yeni siyasi diskursun mərkəzinə çevrilir. Buradan danışmaq təsadüfi deyil. Çünki Ağdam həm faciəni, həm dirçəlişi, həm də dövlət iradəsini eyni anda təmsil edir. Əliyev Ağdamda dayanaraq əslində belə bir mesaj verir: Azərbaycan keçmişi bağlayıb, amma onu unutmadan gələcəyə gedir.
Bu, həm daxili sabitlik, həm də xarici siyasət üçün son dərəcə balanslı mövqedir.
Ağdam çıxışı göstərdi ki, Azərbaycan güc mərhələsini başa vurub, indi siyasi nizam mərhələsinə keçir. Sülh ritorikası zəiflik deyil, üstünlük mövqeyindən irəli gəlir. Yaddaş siyasəti gələcək təhlükəsizlik arxitekturasının bir hissəsidir. Bu çıxış bir daha sübut etdi: Qarabağ məsələsi artıq tarix deyil, dövlətçilik fəlsəfəsidir.
Qalibin səssizliyi: post-Qarabağ dövründə liderlik və ideoloji xətt
Ağdam çıxışından sonra əsas sual budur: İlham Əliyev bu mərhələdən sonra necə bir lider modelini ortaya qoyur? Çünki müharibəni udmaq bir mərhələdir, qələbədən sonrakı dövrü idarə etmək isə, tamamilə başqa siyasi keyfiyyət tələb edir. Ağdamda verilən mesajlar göstərir ki, Azərbaycan artıq “reaktiv dövlət” mərhələsindən çıxıb və proaktiv, çərçivə quran aktora çevrilib.
Əliyevin nitqində ən diqqətçəkən cəhət odur ki, o, qələbəni mərkəzə qoymur. Qələbə artıq fakt kimi qəbul olunur və bundan siyasi şou düzəldilmir. Bu, klassik “qalib populizmi”ndən imtina deməkdir. Əvəzində, Prezident nizam, hüquq və uzunmüddətli sabitlik haqqında danışır. Bu isə, liderliyin yeni mərhələsidir – emosional liderlikdən institusional liderliyə keçiddir.
Bu səssizlik zəiflik deyil. Bu, gücün ən yetkin formasıdır. Tarix göstərir ki, həqiqi qaliblər ən yüksək səslə danışmırlar. Onlar sistemi elə qururlar ki, artıq yüksək səslə danışmağa ehtiyac qalmasın.
Post-Qarabağ ideologiyası: torpaqdan normaya
Ağdam çıxışı ilə Azərbaycan siyasi diskursunda mühüm bir dəyişiklik baş verir. Qarabağ artıq yalnız “ərazi məsələsi” deyil. Qarabağ norma məsələsinə çevrilir. Yəni dövlət öz ərazisində hansı dəyərlərin, hansı hüquqi və etik çərçivənin keçərli olacağını açıq şəkildə bəyan edir.
Əliyevin “qanun hamı üçün eynidir” mesajı təsadüfi deyil. Bu, həm daxili idarəetməyə, həm də regionda yaşayan bütün icmalara ünvanlanan əsas tezisdir. Post-Qarabağ dövrünün ideologiyası emosional revanş üzərində yox, qanunun suverenliyi üzərində qurulur. Bu is,ə Azərbaycanı regionda fərqli bir mövqeyə çıxarır.
Bu ideoloji xətt bir tərəfdən milli dövlətçiliyi möhkəmləndirir, digər tərəfdən isə, beynəlxalq sistemlə konfliktsiz uyğunlaşma imkanı yaradır. Çünki müasir dünyada legitimlik artıq təkcə gücdən yox, normativ ardıcıllıqdan doğur.
Daxili konsolidasiya: səssiz, amma dərin proses
Ağdamdan verilən mesajlar daxili auditoriya üçün də son dərəcə əhəmiyyətlidir. Bu çıxışdan sonra dövlət–cəmiyyət münasibətləri yeni mərhələyə daxil olur. Prezident xalqa “birlik olun” demir. O, faktiki olaraq bildirir ki, birlik artıq yaranıb və indi bu birliyi qorumaq lazımdır. Bu, siyasi texnologiya deyil. Bu, tarixi konsensusun formalaşmasıdır. Qarabağ zəfəri ilə cəmiyyət daxilində uzun illər mövcud olan psixoloji parçalanmalar aradan qalxıb. Ağdam çıxışı isə, bu prosesi ideoloji baxımdan möhürləyir.
Xüsusilə gənc nəsil üçün bu mesaj son dərəcə önəmlidir. Çünki post-Qarabağ nəsli artıq müharibə travması ilə yox, quruculuq məsuliyyəti ilə üz-üzədir. Prezidentin “bərpa edirik, qururuq” dili də məhz bu nəsilə yönəlib.
Regional sistemdə Azərbaycanın yeni yeri
Bu çıxışdan sonra Azərbaycan regionda özünü təkcə güclü dövlət kimi yox, nizam təklif edən aktor kimi təqdim edir. Bu, çox incə və strateji mövqedir. Çünki nizam təklif edən dövlətlər adətən vasitəçi yox, oyun qaydalarını yazan tərəf olurlar.
Ağdamdan verilən mesajlar göstərir ki, Bakı artıq regional gündəliyə reaksiya vermir, əksinə, onu formalaşdırır. Enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində Azərbaycan mərkəzləşdirici rol oynamağa başlayır. Bu rol isə yalnız hərbi güclə yox, ideoloji ardıcıllıqla möhkəmlənir.
Əliyevin ritorikasında Türkiyə ilə strateji xətt, Qərblə praqmatik münasibət və Rusiya ilə məsafəli balans açıq şəkildə hiss olunur. Bu balans emosional deyil, rasional və uzunmüddətli hesablanmış balansdır.
11:53 26.12.2025
Oxunuş sayı: 3449