Aİ-nin ikili standartları: Cənubi Qafqazda sülhə qarşı siyasi maneələr və Azərbaycanın artan nüfuzu
Avropa
İttifaqının (Aİ) Azərbaycana qarşı mövqeyi ayrı-ayrı hadisələrin təsadüfi cəmi
deyil, uzun müddətdir formalaşan strateji davranış xəttidir. Burada əsas məsələ
emosional “anti-Azərbaycan isterikası” deyil, güc balansının dəyişməsindən
doğan institusional narahatlıqdır. Aİ faktiki olaraq Cənubi Qafqazda nə proseslərin
təşəbbüskarıdır, nə də nəticələri müəyyən edən aktordur. Bu isə böyük siyasi
strukturlar üçün ən təhlükəli vəziyyətdir: proses gedir, amma sən oyunun mərkəzində
deyilsən.
Aİ-nin
Azərbaycana qarşı çıxmasının kökündə ilk növbədə suverenlik problemi dayanır.
Azərbaycan son illər regionda qərarlarını üçüncü tərəflərin diktəsi olmadan verən
nadir dövlətlərdən birinə çevrilib. Enerji siyasətində, təhlükəsizlik məsələlərində,
nəqliyyat-logistika layihələrində Bakı artıq “razılaşdırılan tərəf” yox, “şərt
qoyan aktor” kimi çıxış edir. Bu isə Aİ-nin postsovet məkanına dair klassik
yanaşmasını alt-üst edir. Brüsselin siyasi mədəniyyətində periferiya ölkələri
adətən normativ çərçivələrə tabe olur, amma Azərbaycan bu çərçivələri qəbul
etmir, öz gündəliyini formalaşdırır. Problem də məhz buradadır.
“Tramp marşrutu”na (TRIPP) qarşı qeyri-müəyyən və ikili münasibət də eyni səbəbdən qaynaqlanır. Bu layihə mahiyyət etibarilə təkcə nəqliyyat dəhlizi deyil, geosiyasi arxitekturanın dəyişməsidir. TRIPP Avropa mərkəzli deyil, Vaşinqton–Bakı xəttində formalaşan, regional aktorların birbaşa maraqlarına söykənən modeldir. Bu modeldə Aİ ya kənarda qalır, ya da ikinci dərəcəli iştirakçıya çevrilir. Brüssel üçün təhlükə də buradadır: əgər bu marşrut işlək hala düşərsə, Aİ Cənubi Qafqazda “vasitəçi güc” statusunu itirəcək. Ona görə layihəni açıq şəkildə rədd etmək mümkün deyil, amma siyasi sənədlərdə görməməzlikdən gəlmək, susmaq və paralel alternativ narrativlər yaratmaq seçilir.
Azərbaycan-Ermənistan sülhünə qarşı dolayısı müqavimət isə daha dərin motivlərə bağlıdır. Paradoks ondadır ki, sülh Aİ-nin rəsmi ideoloji dəyərlərinə tam uyğundur, amma real siyasətdə Brüsselin maraqlarına ziddir. Çünki sülh üçüncü tərəfin – xüsusən də Avropa missiyalarının – legitimliyini azaldır. Əgər Bakı və İrəvan birbaşa danışırsa, sərhəddə atəş yoxdursa, kommunikasiyalar açılırsa, o zaman EUMA kimi missiyaların mövcudluğu sual altına düşür. Bu missiyalar isə Aİ üçün sadəcə müşahidə aləti deyil, regionda fiziki mövcudluğun simvoludur. Sülh olarsa, bu simvola ehtiyac qalmayacaq.

Aİ-nin
Ermənistandakı siyasi həbslərə susması, amma Azərbaycanda insan haqları
mövzusunu daim gündəmdə saxlaması da ikili standart yox, selektiv alətdir.
İnsan haqları burada məqsəd deyil, təzyiq mexanizmidir. Ermənistan Aİ üçün
funksional tərəfdaşdır, çünki asılıdır. Azərbaycan isə müstəqildir, ona görə də
“problemləşdirilməlidir”. Bu, beynəlxalq siyasətdə tez-tez rast gəlinən
davranışdır: tabe olmayan aktor normativ diskursla cəzalandırılır.
Bütün
bu fəaliyyətlərin ümumi məqsədi regionda itirilən təsir imkanlarını bərpa etməkdir.
Aİ Ukrayna böhranında zəiflədi, Yaxın Şərqdə proseslərin kənarında qaldı,
enerji böhranı daxili parçalanmanı dərinləşdirdi. Belə bir şəraitdə Cənubi
Qafqaz Brüssel üçün “kompensasiya zonası”na çevrilib. Ermənistan üzərindən təsir
qurmaq, Azərbaycanı təzyiq altında saxlamaq və sülhü nəzarət edilən, uzanan
prosesə çevirmək bu strategiyanın əsas elementləridir.
Regionun
perspektivlərinə gəldikdə isə mənzərə Aİ üçün heç də ümidverici deyil. Trendlər
göstərir ki, böyük güclərdən çox regional aktorlar həlledici rol oynamağa
başlayır. Azərbaycan bu yeni reallığın əsas oyunçularındandır. Sülh prosesi gec
də olsa irəliləyəcək, çünki onun arxasında real iqtisadi və təhlükəsizlik
maraqları dayanır. Aİ isə bu prosesi ya qəbul edib uyğunlaşmalı, ya da kənarda
qalan, amma səs-küy yaradan aktora çevriləcək.
Nəticə
etibarilə, Aİ-nin bugünkü davranışı Azərbaycanın zəifləməsinə yox, əksinə, onun
siyasi çəkisinin artmasına işarədir. Çünki tarix göstərir ki, həqiqi güc həmişə
müqavimət doğurur. Brüsselin narahatlığı da məhz bundan qaynaqlanır.
14:44 18.12.2025
Oxunuş sayı: 1453