"Qarabağ bu gün quruculuq ünvanıdır" - Deputat

Azərbaycan post-müharibə dövründə bərpa və yenidənqurma sahəsində özünəməxsus yanaşma nümayiş etdirir. Dövlətin daxili resurslarına əsaslanaraq həyata keçirdiyi layihələr həm miqyas, həm də sürət baxımından seçilir. Azad olunmuş ərazilərdə həyat yenidən canlanır — yollar çəkilir, hava limanları istifadəyə verilir, kənd və şəhərlər müasir konsepsiyalar əsasında qurulur. Bütün bu proseslər ölkənin güclü iradəsini, strateji planlama qabiliyyətini və gələcəyə verdiyi önəmi bir daha göstərir.
Deputat Müşfiq Cəfərov Crossmedia.az saytına açıqlamasında bildirib: "Uzun illər vətən həsrətilə yaşayan keçmiş məcburi qaçqınlar indi doğma evlərinə qayıdırlar. Bütün bu uğurlar Prezident İlham Əliyevin qətiyyətinin, əzmkarlığının və uzaqgörənliyinin nəticəsidir".
"Otuz illik işğal dövründə düşmənin amansızcasına xarabalığa çevirdiyi Qarabağ bu gün quruculuq ünvanıdır", - deyə Cəfərov qeyd edib və əlavə edib :" Bir sıra beynəlxalq əhəmiyyətli layihələr, o cümlədən ağıllı şəhər və kəndlərin salınması, enerji infrastrukturunun yaradılması, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq hava limanlarının fəaliyyətə başlaması təqdirəlayiq haldır. Ən vacibi isə işğaldan azad edilmiş ərazilərini öz maliyyə imkanları hesabına bərpa edən Azərbaycan bu sahədə öz standartlarını yaradır-bütün sahələrdə bərpa və yenidənqurma işləri yüksək templə və sistemli şəkildə davam etdirilir".
Deputat vurğuladı ki, Prezident İlham Əliyev zəruri infrastrukturun qurulmasına xüsusi önəm verir, ona görə də dövlət başçısı aparılan tikinti-bərpa işləri ilə birbaşa tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə tez-tez baş çəkir, görülən işləri şəxsən nəzarətində saxlayır.
"İndi Qarabağın bütün şəhərləri yenidən qurulur, tarixi abidələrinin bərpası sürətlə aparılır. Ermənistanın otuz illik işğalı ərazilərimiz dəhşətli dağıntılara məruz qalıb. Amma Azərbaycan indiyədək müşahidə edilməyən tempdə tikinti-quruculuq işləri həyata keçirir. Azərbayсan öz gücünə arxalanaraq azad olunmuş misli görünməyən dağıntıların nəticələrini aradan qaldırır. Ötən müddət ərzində heç bir ölkədən, təşkilatdan, donordan yardım olmadan ölkəmiz azad olunmuş ərazilərimizi yenidən dirçəldir, dəhşətli işğalın izləri silinir, kabusa dönmüş şəhərlərimizə yeni həyat qayıdır" , - deyə Müşfiq Cəfərov fikirlərini yekunlaşdırdı.
Bənövşə Zahidli
15:49 16.07.2025
Oxunuş sayı: 907