“Qarabağ torpağı şahidlik edir: Ermənistanın gizlətmək istədiyi cinayətlər üzə çıxır” - Deputat

Birinci Qarabağ müharibəsindən uzun zaman keçməsinə baxmayaraq, bu gün də işğaldan azad olunan ərazilərdə insan qalıqları aşkarlanır. Həmin qalıqların əksəriyyəti döyüş zamanı itkin düşmüş azərbaycanlı hərbçilərə və mülki şəxslərə aiddir. Tapılan qalıqlar DNK analizləri ilə müəyyənləşdirilərək ailələrinə təhvil verilir və şəhidlərimiz hörmətlə dəfn olunur.
Azərbaycan əsir düşən, girov götürülən insanlara qarşı törədilən amansız işgəncələr və vəhşiliklər bu gün də üzə çıxmaqdadır.Bu faktlar ermənilərin müharibə zamanı törətdikləri vəhşilikləri və insanlıq əleyhinə cinayətləri açıq şəkildə göstərir.
Millət vəkili Aydın Mirzəzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, bu hallar Ermənistanın təkcə müharibəyə görə deyil, eyni zamanda insanlıq əleyhinə törətdiyi cinayətlərə görə də məsuliyyət daşıdığını bir daha sübut edir:
“Bu qalıqlar uzun illər əvvəl vəhşicəsinə öldürülmüş, işgəncəyə məruz qalmış soydaşlarımıza aiddir. Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Tapılan hər bir şəhid faktı, işgəncə izləri onların törətdiyi vəhşiliklərin sübutudur.”
Deputat vurğulayıb ki, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə sahib çıxır və itkinlərin axtarışı, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində ciddi işlər aparılır:
"Bu həm də dövlətimizin gücünün və xalqımıza olan bağlılığının göstəricisidir. Biz bu dəhşətli cinayətləri heç vaxt unutmayacaq, gələcək nəsillərə də ötürəcəyik.”
Mehriban Yariyeva
14:50 16.07.2025
Oxunuş sayı: 1089