Ramin Məmmədov Qala qəsəbəsindəki iki məscidi ziyarət edib

Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xəzər rayonunum Qala qəsəbəsində yerləşən "Cümə" və "Süleyman" məscidlərini ziyarət edib.
Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkədə formalaşmış dövlət-din münasibətləri modeli müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitini təşviq edir.
O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və multikulturalizm ənənələrinin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və dini təhsil sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Ramin Məmmədov din xadimlərinin cəmiyyətdə nüfuzunun artırılması, onların peşəkar hazırlığının gücləndirilməsi və sosial statusunun yüksəldilməsi istiqamətində dövlət tərəfindən davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə din xadimləri gənclərin maarifləndirilməsi və dini tolerantlığın təşviqi istiqamətində birgə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Dini qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər diqqətə çatdırılıb.
16:14 08.07.2025
Oxunuş sayı: 767