İran rəsmisi: “Müharibə genişlənərsə, İsrailin nüvə reaktoru vurulacaq”

İran rəsmisi: “Müharibə şiddətlənərsə, Dimona nüvə reaktoru qanuni hədəfə çevrilə bilər”
İranın yüksək rütbəli rəsmisi ABŞ və İsrailə qarşı sərt xəbərdarlıqla çıxış edib.
Crossmedia.az xəbər verir ki, İran rəsmisi “Al-Jazeera” telekanalına verdiyi açıqlamada bölgədə gərginliyin artacağı təqdirdə İsrailin strateji obyektlərinin, o cümlədən Dimona nüvə reaktorunun hədəfə çevriləcəyini bildirib.
“Müharibə şiddətlənərsə, Dimona nüvə reaktoru beynəlxalq hüquqa əsasən qanuni hədəf ola bilər”, – deyə İran rəsmisi vurğulayıb.
O əlavə edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin ələ keçirdiyi raket ehtiyatları ilə bağlı dəqiq məlumatlara malikdir və silahlı qüvvələr bu anbarların məhv edilməsi üçün xüsusi zərbələr planlaşdırır.
Rəsminin sözlərinə görə, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazaları da İranın diqqətindədir:
“Amerikanın bölgədəki bazalarını hədəfə almaq İsrailin dərinliklərinə zərbə endirməkdən daha asandır. ABŞ-yə ciddi xəbərdarlıq edirik: bu müharibəyə daxil olmaq onun regiondakı maraqları üçün fəlakətə çevrilə bilər”.
İran rəsmisi həmçinin bildirib ki, Tehranın daha təkmil və yüksək dəqiqlikli raket sistemləri mövcuddur: “İsrailə qarşı endirdiyimiz zərbələr ciddi nəticə verir, lakin İsrail ordusu bu zərərləri gizlətməyə çalışır. İndiyə qədər istifadə etdiyimizdən daha güclü raketlərimiz var və şübhəsiz ki, onlardan istifadə ediləcək”.
11:00 22.06.2025
Oxunuş sayı: 851