"Azərbaycan regionda BMT-yə 4 Könüllü Milli Hesabat təqdim edən yeganə ölkədir"

Azərbaycan regionda və Müstəqil Dövlətlər Birliyi məkanında BMT-yə 4 Könüllü Milli Hesabat təqdim edən yeganə ölkədir.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün ömürboyu öyrənmə və gələcək bacarıqlar” mövzusunda 6-cı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunun xüsusi sessiyasında bildirib.
Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin 2025-ci il üzrə Könüllü Milli Hesabatlar nəşrində ölkədə DİM-lərin icrasının maliyyələşməsi üçün tətbiq olunan innovativ yanaşmalar müsbət qiymətləndirilib və üzv ölkələrə bu yanaşmanın tətbiqi tövsiyə olunub.
Sessiyada Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri olan və DİM-lərlə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində ömürboyu öyrənmənin, müasir biliklərin və rəqəmsal bacarıqların artırılmasının rolu vurğulanıb. Rəqabətqabiliyyətli insan resurslarının formalaşdırılmasında müasir dövrün tələblərinə uyğun təhsilin önəmi qeyd edilib. Bu gün dünya qarşısında duran çağırışlar – iqlim dəyişmələri, sürətli texnoloji transformasiyalar yalnız texniki biliklərlə kifayətlənməyi deyil, yeni bacarıqlara sahib olmağı tələb edir. Tənqidi düşüncə, yaradıcılıq, komanda işi kimi bacarıqlar müasir dövrdə əsas ixtisaslar qədər önəm daşıyır.
Tədbirdə Azərbaycanda insan kapitalının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkədə istedadlı gənclərin üzə çıxarılması, peşəkar kadrlar bankının yaradılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.
İnsan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4SİM tərəfindən Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə “4Sİ (Dördüncü Sənaye İnqilabı) Akademiyası” təşkil edildiyi, layihədən minlərlə vətəndaşımızın faydalandığı diqqətə çatdırılıb. Ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaq üçün “4Sİ Akademiyası” çərçivəsində başlayan “Milli Proqram” layihəsi davam edir. Bu ilin aprel ayından başlayan bu layihə çərçivəsində 1 il ərzində on minlərlə ölkə vətəndaşının 300-dən çox universitet və onlarla aparıcı texnologiya şirkətlərinin təqdim etdiyi 8 000-dən çox təlimdən ödənişsiz yararlanmaq imkanı yaradılıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanın DİM məqsədlərinə çatmaq istiqamətində gördüyü işləri təqdir edib, davamlı inkişaf üçün ömürboyu öyrənmənin əhəmiyyətinə dair fikirlərini bölüşüb.
“McKinsey & Company”nin nümayəndəsi Gözde Kızılırmak qlobal tendensiyalar və ömürboyu təhsilin iqtisadi inkişafda əhəmiyyəti barədə danışıb. Beynəlxalq Əmək Təşkilatının eksperti Özge Berber-Agtaş və ADA Universitetinin dosenti Anar Vəliyev təqdimatlarla çıxış edərək inklüziv məşğulluq siyasətləri və müasir bacarıqların formalaşmasına təsir edən qlobal trendlər barədə məlumat veriblər.
Tədbir interaktiv müzakirələrlə davam edib, ömürboyu təhsilin iqtisadi artımda və rəqabətqabiliyyətli insan kapitalının inkişafında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, indiyədək 5 “DİM Dialoqu” təşkil olunub. Dialoqlar çərçivəsində hökumət nümayəndələri, BMT təmsilçiləri, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrin ekspertləri arasında bir sıra aktual mövzular üzrə müzakirələr aparılıb.
19:38 21.06.2025
Oxunuş sayı: 697