Bakı - Moskva münasibətlərinə zərbə: "Rusiya özünə yaraşanı etmədi"

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır.
"Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır", - o bildirib.
Məlum olduğu kimi, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı göstərilir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində və oksigen balonunun partlamasına dair məlumat təqdim olunmayıb.
Qeyd edilir ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verib.
Bütün ehtimallar qəzanın vurulduğunu göstərir. Bunun səhvən, yaxud məqsədli şəkildə olmasından asılı olmayaraq məsuliyyəti Rusiya daşıyır. Çünki hadisə məhz Rusiya səmasında baş verib.
Rəsmi Moskva isə üzr istəmək, obyektiv araşdırmaya dəstək olmaq əvəzinə, sanki hadisəni unutdurmağa çalışır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı söyləyib ki, Rusiya sözügedən hadisə ilə bağlı ona yaraşanı etməli idi: "Böyük ölkələrə xas dövlət əxlaqı və ağlı işə düşməli idi. Moskvanın məsələyə reaksiyasl daha normal ola bilərdi. Təyyarəmiz səhvən vurulmuş olsa belə, Rusiya adekvat mövqe ortaya qoymalı idi. Amma biz bunu görmədik".
Parlamentari sözügedən hadisənin ikitərəfli münasibətlərə təsirindən də danışıb: "Şəxsən mən münasibətlərin pisləşməsinin tərəfdarı deyiləm. Rusiya Birinci Qarabağ müharibəsində erməniləri dəstəkləmiş olsa da, ikinci savaşda neytral mövqe sərgilədi".
Kənan Novruzov
23:21 07.02.2025
Oxunuş sayı: 5311