Talon sistemi geri gəlir, qərar verildi
Şotlandiyada ərzaq qiymətlərinə limit qoyulması ilə bağlı plan müzakirələrə səbəb olub. Belə bir addımın əsas məqsədinin istehlakçıların yüksək qiymətlərdən qorunması və gündəlik ərzaq xərclərinin azaldılması olduğu bildirilir. Bununla yanaşı, qiymətlərə inzibati müdaxilənin bazarda təklifə, məhsulların əlçatanlığına və sahibkarların fəaliyyətinə necə təsir göstərə biləcəyi də müzakirə olunur. Qiymətlərin süni şəkildə məhdudlaşdırılmasının bazar mexanizmlərinə təsiri ilə bağlı fərqli yanaşmalar mövcuddur.
Bəs Azərbaycanda ərzaq qiymətlərinə belə bir limit tətbiq olunsa, bunun bazara və istehlakçılara hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, ərzaq qiymətlərinə bu formada limit qoyulması düzgün yanaşma deyil: “Bu, doğru məsələ deyil. Limit qoyulacağı təqdirdə defisit yarana bilər. Azərbaycanda dərman məhsullarında belə bir tənzimləmə var. Orada da maksimal qiymət təyin edilir. Əvvəl qiymət təyin olunurdu, indi isə artıq dəyişiblər, 15 min adda dərman üçün maksimal qiymət müəyyənləşdirirlər”.

X.Kərimli qeyd edib ki, indi bu cür bazara, qiymətlərə müdaxilə yanlışdır və bazar qaydalarının pozulmasıdır:
“Əksinə, sahibkara sərf etməyəcək, məhsulu gətirməyəcək və yaxud da keyfiyyətsiz məhsul gətirəcək və.s. Yəni bazara bu cür müdaxilə yanlışdır, bu, mümkün deyil və səmərəsizdir. Üstəlik, əgər dövlət qiymətlərə, süni qiymətlərə nəzarət etmək istəyirsə, nə etməlidir? Rəqabət Məcəlləsi 2024-cü ildə qəbul edilib. Bazarları təhlil etməlidir. Bazarda hökmran və inhisarçı mövqeyə malik olan idxalçıların, istehsalçıların qiymət müəyyənləşdirməsi üzərində nəzarət yaratmalıdır. Yəni bunu etməlidir. Monopolist olmayan bazarda üfüqi sazişlərə bağlanmayan, şaquli razılaşmalara getməyən, razılaşdırılmış qiymətlər müəyyənləşdirməyən iri oyunçular yoxdursa, bazar qiyməti necə formalaşdırırsa, bazarın işinə qarışmaq olmaz.
Sovet dövründə qiymətlər təyin edilmişdi, axırı nə oldu? Talonlar tətbiq olundu, ümumiyyətlə, ərzaq tapılmadı. Yəni bazar özü qiymətlər vasitəsilə tələb və təklifi düzgün tənzimləyir. Azərbaycanda bu cür mexanizm tətbiq oluna bilməz. Şotlandiyada da yəqin ki, tətbiq olunmayacaq. Bu, sadəcə müzakirədir, hər şeyi müzakirə edirlər”.
Zərnigar Hüseynli
09:30 02.09.2026
Oxunuş sayı: 58