Azərbaycanda maliyyə resurslarına çıxış imkanlarının genişləndirilir
Azərbaycanda kraudfandinq fəaliyyətini tənzimləyən hüquqi baza formalaşdırılır. Prezident İlham Əliyevin təsdiqlədiyi "Kraudfandinq haqqında" qanun səhm və borc əsaslı maliyyələşdirmə mexanizmlərini, platforma operatorlarının fəaliyyətini və bu sahədə dövlət nəzarətinin qaydalarını müəyyən edir.

İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Gündüz Camalzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, "Kraudfandinq haqqında" Qanunun qəbulu Azərbaycanda maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və alternativ maliyyələşdirmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:
Ekspertin sözlərinə görə, qanunun qəbulunu zəruri edən əsas amillərdən biri startaplar və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışda üzləşdikləri çətinliklərdir:
"Startaplar və KOB subyektləri əksər hallarda girov çatışmazlığı, zəif kredit tarixçəsi, yüksək risk profili və əməliyyat xərcləri səbəbindən ənənəvi bank maliyyələşməsindən tam yararlana bilmirlər. Kraudfandinq isə bu boşluğu dolduran alternativ kapital cəlbetmə mexanizmi kimi çıxış edir. Bu modeldə investorun qərarı daha çox layihənin ideyasına, bazar potensialına və ictimai marağa əsaslanır".
G.Camalzadə bildirib ki, kraudfandinq maliyyələşmə prosesini daha çevik və əlçatan edir:
"Kraudfandinq maliyyə resurslarının əldə olunması zəncirini qısaldır və layihə sahibinə birbaşa investorlarla əlaqə yaratmaq imkanı verir. Bu, həm əməliyyat xərclərinin azalmasına, həm də qərarvermə prosesinin sürətlənməsinə şərait yaradır. Eyni zamanda, layihənin bazarda ilkin sınaqdan keçirilməsi və investorların etimadının formalaşması baxımından da mühüm rol oynayır".
İqtisadçı vurğulayıb ki, qanun ölkədə maliyyə sisteminin şaxələndirilməsinə və iqtisadi fəallığın artmasına töhfə verə bilər:
"Bu qanun ənənəvi bank əsaslı maliyyələşmə modelindən daha balanslı və bazar yönümlü maliyyə sisteminə keçid üçün hüquqi baza yaradır. Platformalar səmərəli fəaliyyət göstərərsə, sahibkarların investisiya imkanları genişlənəcək, yeni iş yerləri yaranacaq, məhsul və xidmət təklifi artacaq, vergi bazası genişlənəcək və ümumi iqtisadi aktivlik yüksələcək".
Ekspertin fikrincə, qanun rəqəmsal iqtisadiyyatın inkişafına da mühüm dəstək verəcək:
"Kraudfandinq platformaları əslində rəqəmsal maliyyə infrastrukturunun bir hissəsidir. Burada məlumatların emalı, risklərin qiymətləndirilməsi, investorlarla layihə sahibləri arasında əlaqələrin qurulması və ödənişlərin idarə olunması rəqəmsal mühitdə həyata keçirilir. Bu proses fintek ekosisteminin, elektron identifikasiya sistemlərinin və rəqəmsal ödəniş mexanizmlərinin inkişafını sürətləndirə bilər".
G.Camalzadə qeyd edib ki, dövlətin bu sahəni tənzimləməsi investorların hüquqlarının qorunması baxımından zəruridir:
"Kraudfandinq bazarında informasiya asimmetriyası, fırıldaqçılıq, maraqlar toqquşması və vəsaitlərdən sui-istifadə kimi risklər mövcuddur. Qanunda Mərkəzi Bankın nəzarəti, platforma operatorlarının reyestri, əsas məlumat vərəqələri, investisiya limitləri və digər qoruyucu mexanizmlər məhz investor etimadını gücləndirmək məqsədi daşıyır".
Ekspert hesab edir ki, yeni qanun biznes mühitində rəqabət imkanlarını da genişləndirəcək:
"Kraudfandinq yalnız maliyyələşmə aləti deyil, eyni zamanda rəqabət mexanizmidir. Ənənəvi sistemdə üstünlük daha çox maliyyə imkanları geniş olan şirkətlərə verilirdisə, bu model innovativ ideyalara və güclü biznes təkliflərinə malik sahibkarların da bazara çıxış imkanlarını artırır. Bu isə innovasiyanı təşviq edir və rəqabət mühitini gücləndirir".
G.Camalzadənin sözlərinə görə, qanun alternativ maliyyələşdirmə bazarının institusional əsaslarını formalaşdıracaq:
"Qanun hüquqi müəyyənlik, investor hüquqlarının müdafiəsi, platforma operatorlarının məsuliyyəti və hesabatlılıq mexanizmlərini müəyyənləşdirir. Bu isə gələcəkdə səhm əsaslı, borc əsaslı və digər alternativ maliyyə alətlərinin inkişafı üçün əlverişli mühit yarada bilər".
Ekspert risk faktorlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb:
"Startapların uğursuzluq ehtimalı, platformaların texniki təhlükəsizliyi, kiberrisklər, keyfiyyətsiz layihələrin bazara çıxması və tənzimləmə balansının qorunması əsas risklər sırasındadır. Buna görə də risk əsaslı nəzarət, şəffaflıq, investorların maarifləndirilməsi və effektiv şikayət mexanizmləri xüsusi əhəmiyyət daşıyacaq".
G.Camalzadə sonda qeyd edib ki, "Kraudfandinq haqqında" Qanun maliyyə sisteminin uzunmüddətli transformasiyasına xidmət edən strateji sənəddir:
"Bu qanun ənənəvi bank kreditini əvəz etmir, onu tamamlayan alternativ maliyyələşdirmə mexanizmi yaradır. Düzgün tətbiq olunacağı təqdirdə, startaplar və KOB-ların kapitala çıxışını asanlaşdıracaq, rəqəmsal maliyyə xidmətlərini genişləndirəcək, kapital bazarının şaxələndirilməsini sürətləndirəcək və innovasiya iqtisadiyyatının inkişafına ciddi töhfə verəcək. Qanunun real nəticəsi isə platformaların fəaliyyət keyfiyyəti, investor etimadı və nəzarət mexanizmlərinin effektivliyi ilə müəyyən olunacaq".
Nigar Xəlilli
12:30 27.07.2026
Oxunuş sayı: 58