Mənzil almaq istəyənlərin diqqətinə: Qiymətlərlə bağlı mühüm xəbər var
Bakıda mənzil sahibi olmaq artıq minlərlə vətəndaş üçün ən çətin hədəflərdən birinə çevrilib. Son illərdə daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımı paytaxtda ev almağı əvvəlki illərlə müqayisədə xeyli çətinləşdirib. Mənzil bazarında formalaşan mövcud vəziyyətə şəhərə artan tələbat, tikinti prosesi və digər amillərin təsir etdiyi bildirilir. Bununla yanaşı, gələcəkdə qiymətlərin hansı istiqamətdə dəyişəcəyi də diqqət mərkəzindədir.

REAL Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlamasında deyib ki, Azərbaycanda daşınmaz əmlak qiymətləri həddindən artıq yüksəkdir:
"Əslində, bu qədər böyük qiymət artımı olmamalı idi. Bunun müxtəlif səbəbləri var. Daşınmaz əmlak bazarı deyərkən daha çox Bakını nəzərdə tuturuq. Burada iş imkanları və fürsətlər çox olduğundan regionlardan paytaxta vətəndaş axını dayanmır. Həmçinin, Bakıda genişmiqyaslı söküntü işləri aparılır. Kompensasiya alan vətəndaşlar məcburən yeni mənzil bazarına yönəlirlər. Bütün bunları nəzərə alaraq demək olar ki, qiymətlər həddindən artıq "şişib" ".
N. Cəfərli əlavə edib ki, əgər işğaldan azad olunmuş ərazilərə yüz minlərlə insanın geri dönüşü başlasa, o zaman Bakıda mənzil qiymətlərinin enməsi ehtimalı kifayət qədər yüksəkdir.

Əmlak eksperti Elnur Azadov isə bildirib ki, daşınmaz əmlakın gələcəkdə bahalaşması perspektivi olduqca önəmli məsələdir. Onun sözlərinə görə, burada ilk növbədə əsas şərt ölkənin inkişafıdır:
"İkinci növbədə isə, sözsüz ki, ərazinin inkişafıdır. Bundan əlavə, rəqabətin az olması da bunun səbəblərindən biridir. Rəqabətin yüksək olduğu yerlərdə gələcəkdə alternativ təkliflər də çox olur. Ərazinin aktiv şəkildə inkişaf etməsi vacib amildir".
Turqut Ansari
12:00 24.07.2026
Oxunuş sayı: 40