Sürücülər İranda bu bölgələrə getməkdən çəkinir – Səbəb açıqlandı
ABŞ ilə İran arasında hərbi gərginlik davam etsə də, bu, Azərbaycanın tranzit yükdaşımalarına ciddi təsir göstərməyib. Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyasının məlumatına görə, yüklər əsasən Biləsuvar və Astara sərhəd-keçid məntəqələri vasitəsilə daşınır, sürücülərin böyük əksəriyyəti isə təhlükəsizlik səbəbindən İranın cənub bölgələrinə getmir.

İqtisadçı ekspert Emin Qəribli Crossmedia.az-a açıqlamasında bildirib ki, cənub istiqamətində yaranan logistik problemlər qısamüddətli dövrdə müəyyən çətinliklər yaratsa da, uzunmüddətli perspektivdə Azərbaycanın tranzit imkanlarını genişləndirə bilər:
Onun sözlərinə görə, Azərbaycan bu marşrut vasitəsilə həm idxal, həm ixrac, həm də tranzit yüklərin daşınmasını həyata keçirir və mövcud gərginlik iqtisadiyyata müəyyən təsir göstərir:
"Cənub istiqamətində problemlərin yaranması təbii ki, iqtisadiyyata müəyyən təsir edir. Bu marşrutla ölkəyə məhsullar idxal olunur, ixrac həyata keçirilir və tranzit yüklər daşınır".
Ekspert hesab edir ki, yaranmış vəziyyət İranın Şərq-Qərb arasında logistika mərkəzi kimi rolunu zəiflədə, eyni zamanda Azərbaycanın əhəmiyyətini artıra bilər:
"Mövcud vəziyyət İranın gələcəkdə Şərqlə Qərb arasında əsas logistika ölkəsi kimi çıxış etmək imkanlarını məhdudlaşdırır. Əksinə, bu proses Azərbaycanın tranzit potensialını və strateji əhəmiyyətini artırır".
E.Qəribli qeyd edib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı nəqliyyat və logistika məsələlərinin əsas müzakirə mövzularından biri olması da bunun göstəricisidir:
"Hazırda həm şimalda, həm də cənubda müşahidə olunan hərbi gərginlik fonunda Azərbaycanın nəqliyyat və logistika imkanlarına maraq artır. Bu isə ölkəmiz üçün yeni iqtisadi imkanlar yaradır".
İqtisadçı bildirib ki, qısamüddətli dövrdə logistika xərclərində və yükdaşımalarında müəyyən çətinliklər yaransa da, strateji baxımdan bu vəziyyət Azərbaycan üçün yeni perspektivlər açır:
"Belə vəziyyətlərdə düzgün qərarlar qəbul etmək vacibdir. Qısamüddətli dövrdə müəyyən logistik problemlər yarana bilər. Lakin uzunmüddətli perspektivdə bu proses Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına və tranzit imkanlarının genişlənməsinə xidmət edə bilər".
Nigar Xəlilli
15:00 22.07.2026
Oxunuş sayı: 56