Sahibkarlara mühüm xəbər: Vergi güzəştləri olmayacaq, amma...
Ötən gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında özəl sektor üçün əhəmiyyətli dəyişikliklərdən biri müzakirəyə çıxarılıb. Təklif olunan qanun layihəsinə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərməyən sahibkarlıq subyektlərinə ƏDV-nin depozit hesabında olan vəsaitdən Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmək imkanı yaradılması nəzərdə tutulur. Bildirilib ki, bu addım biznesin maliyyə yükünün idarə olunmasını asanlaşdırmağa və ödəniş mexanizmini daha çevik etməyə xidmət edir. Layihəyə görə, sözügedən mexanizmin 2027-ci il yanvarın 1-dən etibarən dörd il müddətində tətbiqi planlaşdırılır. Onun tətbiq qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov bu barədə Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, ƏDV depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərin həyata keçirilməsinə imkan verən dəyişiklik vergi inzibatçılığı baxımından mühüm yeniliklərdən biri hesab oluna bilər:
"Qanun layihəsi əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub, daha sonra Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. İlk baxışda texniki xarakter daşısa da, əslində sahibkarların pul axınının daha çevik idarə olunmasına xidmət edən mexanizmdir. Hazırda ƏDV depozit hesabında toplanan məbləğdən istifadə imkanları kifayət qədər məhduddur".
Ekspert təklif olunan dəyişikliyin qəbul edildiyi halda, neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor subyektləri həmin hesabdakı məbləğdən DSMF üzrə öhdəliklərinin icrası üçün istifadə edə biləcəklərini bildirib:
"Bunun tətbiq qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq ediləcək. Dəyişiklik 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə tətbiq olunacaq ki, bu da mexanizmin əvvəlcə məhdud müddətdə sınaqdan keçirilməsi yanaşması kimi qiymətləndirilə bilər. Bu yanaşmanın əsas üstünlüyü sahibkarların dövriyyə vəsaitinə düşən yükün müəyyən qədər azalmasıdır. Məsələn, müəssisənin ƏDV depozit hesabında kifayət qədər məbləğ olduğu halda, DSMF öhdəliyini yerinə yetirmək üçün əlavə vəsait cəlb etməyə ehtiyac qalmaya bilər. Bu, xüsusilə dövriyyə kapitalı məhdud olan kiçik və orta sahibkarlar üçün pul axınının daha səmərəli idarə olunmasına imkan verə bilər. Bununla yanaşı, dəyişiklik dövlət üçün də müsbət nəticələr vəd edir. Sosial sığorta ödənişlərinin vaxtında icrası asanlaşa və sahibkarların maliyyə intizamı güclənə bilər. Lakin burada əsas məsələ tətbiq mexanizmidir. Köçürmələrin hansı şərtlərlə həyata keçiriləcəyi, hər hansı limitlərin müəyyən edilib-edilməyəcəyi, ƏDV depozit hesabının digər funksiyalarına təsiri və mümkün sui-istifadə risklərinin necə idarə olunacağı praktik nəticəyə birbaşa təsir göstərəcək".
Ş.Kərimov hesab edir ki, bu dəyişiklik sahibkarlar üçün yeni vergi güzəşti deyil, mövcud maliyyə resurslarının daha çevik idarə olunmasına imkan verən alətdir.
Turqut Ansari
19:00 17.07.2026
Oxunuş sayı: 68