Mühüm yenilik: Sığorta fondunun maliyyə imkanları daha səmərəli istifadə olunacaq
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta sistemində nəzərdə tutulan yeni dəyişiklik sığorta ödənişlərinin hesablanması qaydasına mühüm yenilik gətirir. Milli Məclisin qəbul etdiyi qanun dəyişikliyi ilə birdəfəlik sığorta ödənişinin yuxarı həddi müəyyənləşdirilir. Bu addımın sığorta fondunun maliyyə dayanıqlığına, risklərin idarə olunmasına və sığorta sisteminin uzunmüddətli sabitliyinə necə təsir edəcəyi müzakirə mövzusudur.

İqtisadçı ekspert Famil Niftiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta sistemində birdəfəlik sığorta ödənişinin yuxarı həddinin müəyyən edilməsi həm maliyyə dayanıqlığı, həm də sosial müdafiə baxımından mühüm dəyişiklikdir:
"Bu yenilik bir tərəfdən sığorta sisteminin maliyyə sabitliyini gücləndirməyə xidmət etsə də, digər tərəfdən yüksək gəlirli sığortaolunan şəxslərin sosial müdafiəsi ilə bağlı müəyyən hüquqi və sosial müzakirələr yarada bilər. Ona görə də bu məsələyə kompleks yanaşmaq lazımdır."
Ekspert qeyd edib ki, icbari sığorta sisteminin əsas məqsədi zərərçəkmiş şəxsin sosial təminatını təmin etməklə yanaşı, maliyyə balansını qorumaqdır:
"İstehsalatda baş vermiş bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən şəxslərə maddi təminat verilməsi vacibdir. Eyni zamanda sığorta sistemində daxil olan sığorta haqları ilə ödənilən kompensasiyalar arasında tarazlıq saxlanılmalıdır. Çox yüksək məbləğdə birdəfəlik ödənişlər sığorta fondunun maliyyə yükünü artıra və gələcək öhdəliklərin icrasında risk yarada bilər. Məhz buna görə bir çox ölkələrdə maksimum ödəniş limitləri tətbiq edilir."
F.Niftiyevin sözlərinə görə, yeni mexanizm sığorta fondunun maliyyə imkanlarının daha səmərəli idarə olunmasına şərait yaradacaq:
"Birdəfəlik ödəniş üzrə yuxarı hədd sığorta təşkilatlarına riskləri daha dəqiq qiymətləndirməyə, maliyyə ehtiyatlarını düzgün planlaşdırmağa və uzunmüddətli sabitliyi təmin etməyə imkan verir. Bu, gözlənilməz böyük ödənişlərin fondun maliyyə vəziyyətinə ciddi təsir göstərməsinin qarşısını alır."
Ekspert əlavə edib ki, bu dəyişiklik sığorta tariflərinin sabit saxlanılmasına da müsbət təsir göstərə bilər:
"Əgər sığorta şirkətləri limitsiz maliyyə öhdəliyi daşıyarsa, riskləri kompensasiya etmək üçün sığorta haqlarını artırmağa məcbur qala bilərlər. Maksimum hədd isə tarif siyasətinin daha balanslı aparılmasına və işəgötürənlərin xərclərinin kəskin artmasının qarşısının alınmasına kömək edir."
Bununla yanaşı, Famil Niftiyev hesab edir ki, yeni qaydalar müəyyən hüquqi və sosial suallar da yarada bilər:
"Xüsusilə yüksək əməkhaqqı alan şəxslər ödədikləri sığorta haqları ilə aldıqları təminat arasında balansın pozulduğunu düşünə bilərlər. Uzun illər yüksək məbləğdə sığorta haqqı ödəyən şəxs bədbəxt hadisə baş verdikdə qanunla müəyyən olunmuş maksimum məbləğdən artıq kompensasiya ala bilməyəcək. Bu isə ekvivalentlik prinsipi ilə bağlı müzakirələrə səbəb ola bilər."
Ekspert vurğulayıb ki, icbari sığortanın məqsədi bütün gəlir itkilərini tam kompensasiya etmək deyil:
"Bir çox inkişaf etmiş ölkələrdə də icbari sosial sığorta sistemləri maksimum hədlərlə fəaliyyət göstərir. Daha yüksək təminat əldə etmək istəyən şəxslər könüllü sığorta müqavilələri bağlayaraq əlavə maliyyə müdafiəsi əldə edə bilirlər. Bu yanaşma icbari və könüllü sığorta sistemlərinin bir-birini tamamlamasına imkan yaradır."
Onun fikrincə, qanunun tətbiqində sosial ədalət və maliyyə sabitliyi arasında balansın qorunması əsas şərtdir:
"Yuxarı hədd müəyyən edilərkən orta aylıq əməkhaqqı, inflyasiya, yaşayış minimumu, əmək bazarındakı dəyişikliklər və sığorta fondunun maliyyə imkanları nəzərə alınmalıdır. Limitlər dövri olaraq indeksləşdirilməli və iqtisadi göstəricilərə uyğun yenilənməlidir. Bu halda həm sığorta sisteminin maliyyə dayanıqlığı, həm də vətəndaşların sosial müdafiəsi etibarlı şəkildə təmin oluna bilər."
Nigar Xəlilli
10:00 16.07.2026
Oxunuş sayı: 62