Beynəlxalq müsabiqədə II yerin qalibi olmuş soydaşımız: Bu mənim üçün başlanğıcdır
Azərbaycanın gənc istedadları təkcə ölkə daxilində deyil, beynəlxalq səhnələrdə də bayrağımızı layiqincə təmsil edirlər. Bakı Musiqi Akademiyasının tələbəsi, Dubayda keçirilən beynəlxalq müsabiqənin iştirakçısı Azərin Mustafazadə də onlardan biridir.
Crossmedia.az olaraq uşaqlıqdan musiqi ilə böyüyən, səhnəni həyat tərzinə çevirən gənc pianoçu ilə sənət yolu, uğurları və gələcək planları haqqında danışdıq:
-Əvvəlcə sizi yaxından tanıyaq. Musiqi ilə tanışlığınız necə başladı və fortepianonu seçməyinizə nə səbəb oldu?
-Musiqi ilə tanışlığım çox erkən yaşlarımdan, ailəmin, xüsusən də anamın sayəsində başlayıb. Valideynlərim mənim pianoçu olmağımı çox istəyirdilər. Hələ cəmi 3 yaşım olarkən mənə piano almışdılar. Fortepiano ilə peşəkar şəkildə isə 6 yaşımdan məşğul olmağa başladım. Uşaq yaşlarımdan evimizdə yaranan musiqi mühiti gələcək peşə seçimimə və fortepianoya dərindən bağlanmağıma səbəb oldu.
-Qazax Musiqi Məktəbindən beynəlxalq müsabiqə səhnəsinə uzanan yol necə keçdi? Bu yolda sizə ən böyük dəstəyi kim verdi?
-Qazaxda oxuyarkən ilk müəllimim Səbinə Carçıyeva mənə çox dəstək oldu, müxtəlif konsert və müsabiqələrə yönləndirdi. İkinci sinifdə iştirak etdiyim müsabiqədə tarzən Ramiz Quliyev istedadımı görərək təhsilimi Bakıda davam etdirməyimi tövsiyə etdi. 2020-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul oldum və müəllimim Nailə Rəcəbova ilə ciddi hazırlaşdıq. Hazırkı uğurumun qazanılmasında isə Bakı Musiqi Akademiyasındakı müəllimim professor Nəzakət Rimazinin xüsusi rolu var. Akademiyaya qəbul olunduğum ilk günlərdən məni bu beynəlxalq müsabiqəyə hazırladı. Bu yolda ən böyük dəstəyi isə ailəmdən və müəllimlərimdən almışam.
-Dubaydakı müsabiqədə Azərbaycanı təmsil etmək sizə hansı məsuliyyəti hiss etdirirdi? Yarışmadan yadınızda ən çox qalan an hansıdır?
-Xaricdə ölkəmi təmsil etmək mənim üçün böyük məsuliyyət idi. Üstəlik, Bakı Musiqi Akademiyasından bu müsabiqəyə tələbələr arasında tək mən seçilmişdim. Bu həm qürurverici, həm də məsuliyyətli idi. Artıq təkcə özümü deyil, mənə inanan insanları, Akademiyamı və ölkəmi təmsil edirdim. Yarışmadan ən çox yadımda qalan isə müəllimimlə gecə saatlarına qədər davam edən məşqlər oldu. Fujairah Fine Arts Academy-də gecə yarısına qədər çalışır, son ana qədər hazırlığımızı davam etdirirdik. O zəhmətin nəticəsini səhnədə görmək mənim üçün unudulmaz hiss idi.
-Müsabiqədə hansı əsərləri ifa etdiniz və münsiflərin reaksiyası necə oldu?
-Müsabiqə üç turdan ibarət idi. Birinci turda İ.S. Baxın Do major Prelude və Fuqasını, Verdi-Lisztin "Rigoletto" operasından parafrazını və Moszkovskinin etüdünü ifa etdim. İkinci turda Bethovenin 18-ci sonatasının birinci və ikinci hissələrini, həmçinin Prokofyevin "Sarkazmlar" əsərini səsləndirdim. Final turunda isə Kabalevskinin "24 Prelude" silsiləsindən iki prelüd və bəstəkarın 3-cü fortepiano konsertinin birinci hissəsini orkestrin müşayiəti ilə ifa etdim. Çıxışlardan sonra münsiflər heyəti məni şəxsən təbrik etdi. Dünya şöhrətli pianoçu Nataliya Trull ifa etdiyim prelüdləri və yaratdığım musiqi atmosferini xüsusi bəyəndiyini dedi. Bu sözlər mənim üçün çox dəyərli idi.
-Bakı Musiqi Akademiyasının birinci kurs tələbəsisiniz. Təhsiliniz necə davam edir və bu günlərdə əsas diqqətinizi nəyə yönəltmisiniz?
-Akademiyada birinci kursu yeni başa vurmuşam. Hazırda yay tətili olsa da, mənim üçün istirahət anlayışı demək olar ki, yoxdur. Musiqidə fasilə vermək geridə qalmaq deməkdir. Buna görə də bütün diqqətimi fortepiano məşqlərinə və yeni repertuar öyrənməyə yönəltmişəm. Müəllimim Nəzakət Rimazi ilə daha mürəkkəb proqram üzərində çalışırıq.
-Hansı layihələr üzərində çalışırsınız, planlarınız nələrdir?
-Bu müsabiqəni mən yolun başlanğıcı hesab edirəm. Qarşıda daha böyük hədəflərim var. İstəyirəm ki, daha mötəbər səhnələrdə çıxış edim, böyük konsertlər verim və repertuarımı daha da genişləndirərək gələcəkdə daha nüfuzlu beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edim.
- Hazırda ən çox üzərində çalışdığınız məqsəd nədir?
-Hazırda əsas məqsədim repertuarımı daha da zənginləşdirmək və qarşıdakı böyük layihələrə tam hazır olmaqdır. Bunun üçün hər gün davamlı şəkildə çalışıram.
-Gündəlik həyatınız necə keçir, təhsil, məşqlər və şəxsi həyat arasında balansı necə qoruyursunuz?
-Bu balansı qorumaq asan deyil. Günümün böyük hissəsi fortepiano məşqləri ilə keçir. Müsabiqə və ya ciddi tədbirlər öncəsi gündə 5-6 saat, bəzən daha çox məşq edirəm. Amma məncə əsas məsələ saat deyil, məşqin keyfiyyətidir. Diqqətlə və şüurlu şəkildə çalışanda 2-3 saatlıq məhsuldar məşq də kifayət edir. Şəxsi həyata az vaxt qalsa da, musiqini çox sevdiyim üçün bu rejim mənə ağır gəlmir. Məşq etmək artıq həyat tərzimə çevrilib.
-İndiyə qədər musiqi sahəsində aldığınız ən dəyərli məsləhət nə olub və onu kim verib?
-Müəllimlərimdən çox dəyərli məsləhətlər almışam. Onların mənə öyrətdiyi ən vacib fikir budur ki, səhnəyə çıxanda qorxma, musiqini yaşa və hisslərini dinləyiciyə ötür. Texnika vacibdir, amma səmimiyyət və musiqini ürəkdən ifa etmək daha önəmlidir. Hər çıxışımdan əvvəl bu sözləri xatırlayıram.
-Azərin Mustafazadənin ən böyük arzusu nədir? Özünüzü 10 ildən sonra dünya musiqi səhnəsində harada görürsünüz?
-Ən böyük arzum dünya şöhrətli pianoçu olmaq və Azərbaycanı beynəlxalq səhnələrdə layiqincə təmsil etməkdir. On ildən sonra özümü müxtəlif ölkələrdə solo konsertlər verən, dünyanın tanınmış orkestrləri ilə eyni səhnəni bölüşən bir musiqiçi kimi görürəm. Ən böyük istəyim isə ifamla insanların qəlbinə toxuna bilməkdir. Bunun üçün də indidən dayanmadan çalışıram.
Nigar Xəlilli
11:00 10.07.2026
Oxunuş sayı: 51