Büdcə proqnozu üstələdi - dövlət gəlirləri artıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib. Rəsmi göstəricilərə görə, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5,4%, proqnozdan isə 2,2% çoxdur. Büdcənin xərcləri isə 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% artım, proqnozdan isə 6,8% az icra deməkdir. Nəticədə büdcə profisiti təxminən 580 milyon manat qeydə alınıb. Bu profisitin əsas səbəbi gəlirlərin proqnozu üstələməsi və xərclərin planlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı icra olunmasıdır.

Büdcə gəlirləri ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, dövlət büdcəsi gəlirlərinin proqnozlardan çox olması əsasən iqtisadiyyatın şaxələnməsi, qeyri-neft-qaz sektorunda qeydə alınan artımlar, aparılan vergi islahatları, habelə vergi dərəcələrinin və mexanizmlərinin təkmilləşdirilməsi kimi amillərdən irəli gəlir: "2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Xüsusilə idxal əməliyyatlarından yığılan vergi və rüsumların müəyyən edilmiş proqnozu qabaqlamasını dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən əldə edilən gəlirlərin proqnozlaşdırılan hədəflərdən yüksək icra olunmasını, büdcə gəlirlərinin formalaşmasında daxilolmaların artmasını, rəqəmsallaşma və idarəetmədə xəzinə əməliyyatlarının sürətli, xətasız yerinə yetirilməsi kimi amillərin də dövlət gəlirlərinin planlaşdırılandan çox toplanmasına şərait yaradılıb".
Ayhan
17:32 09.07.2026
Oxunuş sayı: 67