Azərbaycanın regional logistika və enerji arxitekturasında strateji mövqeyi güclənir
Rusiyadan Ermənistana propan qazının Azərbaycan ərazisindən tranzitinə başlanılması ölkənin regiondakı mövqeyi ilə bağlı müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edir ki, bu proses yalnız nəqliyyat xidməti kimi qiymətləndirilməməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan neft məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, söhbət təkcə tranzit xidmətindən və əldə olunan gəlirdən getmir:

"Bu məsələni yalnız logistika xidməti kimi qiymətləndirmək düzgün olmaz. Əlbəttə, Azərbaycan bu tranzitdən nəqliyyat və xidmət gəlirləri əldə edir. Amma daha vacib məqam odur ki, ölkə özünü Cənubi Qafqazda etibarlı tranzit və kommunikasiya mərkəzi kimi möhkəmləndirir”.
Ekspertin sözlərinə görə, propan qazının Azərbaycan ərazisindən daşınması ölkənin regional nəqliyyat və enerji layihələrindəki rolunu daha da gücləndirir:
"Bu, Azərbaycanın nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsində oynadığı rolu gücləndirir, regional iqtisadi əlaqələrə təsir imkanlarını artırır və beynəlxalq tərəfdaşlar üçün etibarlı tranzit ölkəsi imicini daha da möhkəmləndirir”.
O, qeyd edib ki, bu baxımdan prosesə yalnız kommersiya tranziti kimi yanaşmaq doğru deyil. "Yəni söhbət təkcə propan qazının daşınmasından deyil, Azərbaycanın regional logistika və enerji arxitekturasında strateji mövqeyinin güclənməsindən gedir”.
Təhminə Abdulrəhimova
17:20 06.07.2026
Oxunuş sayı: 41