Özbəkistanın alternativ dəmir yolu layihəsi - Yeni marşurut açılır
Qlobal logistika və tədarük zəncirinin yenidən formalaşdığı müasir dövrdə Şərq-Qərb nəqliyyat dəhlizləri uğrunda rəqabət iqtisadi müstəvidə kəskinləşməkdədir. Xüsusilə "Bir Qurşaq, Bir Yol" təşəbbüsü çərçivəsində alternativ və rentabelli marşrutların axtarışı Mərkəzi Asiya dövlətlərinin xarici iqtisadi strategiyasında prioritet istiqamətə çevrilib. Bu kontekstdə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tikilməkdə olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Bakı-Tbilisi-Qars (BTQ) xətti ilə birləşdirilməsi təklifi beynəlxalq logistika mühitində böyük rezonans doğuraraq yeni müzakirələrə rəvac verib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib: "Azərbaycanın infrastruktur imkanları onsuz da Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Ələt limanından başlayaraq Qarsa qədər təhlükəsiz yük daşınmasını tam təmin edir. Ölkəmiz bu məqsədlə Ələt limanını xüsusi olaraq inkişaf etdirib. Mərkəzi Asiyadan gələn yüklər bərə ilə Xəzər dənizini keçdikdən sonra Ələt limanına çatır, oradan isə birbaşa BTQ dəmir yolu xətti ilə Türkiyəyə və Avropaya ötürülür".

Ekspert Mirziyoyevin layihəsinin hələlik ideya mərhələsində olduğunu və real marşrut variantlarını diqqətə çatdırıb: "Şavkat Mirziyoyevin təklif etdiyi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars xəttinə birləşdirilməsi hələlik sadəcə bir ideyadır. Bunun texniki əsaslandırılması aparılmalı, xəttin hardan və necə keçə biləcəyi dəqiqləşməlidir. Bu yüklərin alternativ olaraq Rusiya və ya İran üzərindən keçməsi variantları tamamilə qeyri-realdır. Yeganə real yol Xəzər dənizi üzərindəndir. Yəni yüklər dəniz vasitəsilə bizim limanlara, ordan da Ələt limanı üzərindən Bakı-Tbilisi-Qars xəttinə çıxmalıdır. Bu, mahiyyət etibarilə zatən uzun müddətdir müzakirə olunulan Orta Dəhlizin müxtəlif variantlarından biridir. Orta Dəhliz çərçivəsində Mərkəzi Asiyadan gələn yüklərin ötürülməsi əsas hədəfdir. İndi Özbəkistan tərəfi sadəcə təklif edir ki, bura çatdırmağın hansısa alternativ dəmir yolu xəttini quraq. Şübhəsiz ki, bu, çox uğurlu və gələcəyə hesablanmış bir ideyadır".
Fatimə Cabbarlı
17:30 06.07.2026
Oxunuş sayı: 46