Yaşıl və bərpa olunan enerji sahəsində ciddi investisiyaların cəlb olunmasına böyük ehtiyac var
Azərbaycanda dayanıqlı iqtisadi modelin qurulması və neft amilindən asılılığın minimuma endirilməsi məqsədilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Son dövrlər bu sahədə sahibkarlara edilən güzəştlərin əhatə dairəsinin genişləndirilməsi, innovativ idarəetmə metodlarının tətbiqi və ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Xüsusən yaşıl enerji siyasətinin genişləndirilməsi, bu istiqamətdə nəhəng şirkətlər və xarici ölkələrlə əməkdaşlıqların qurulması qeyri-neft sektorunun inkişafına hesablanmış əsas addımlardandır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib:
"Əlbəttə, qeyri-neft sektorunun inkişafına illərdir müəyyən proqramlar çərçivəsində imkanlar, əlavə stimullaşdırıcı tədbirlər yaradılmışdır. Hazırda ölkə prezidenti yeni qərar qəbul edib ki, qeyri-neft sektoruna istehsal olunan məhsulların, logistika və gömrük xərclərinə müəyyən güzəştlərin təmin edilməsi nəzərdə tutulsun. Lakin bu gün qeyri-neft sektorunun inkişafı üçün həm də zaman ehtiyacı var. Bu, bir günə, bir ilə yaradılan və formalaşan bir dəyər deyil və bu baxımdan beynəlxalq təcrübədən, dünya trendlərindən ciddi istifadə etmək lazımdır. Kənd təsərrüfatı ilə yanaşı, yeni startaplar, innovativ texnologiyalar və süni intellektin imkanlarından geniş istifadə edilməlidir".

E.Kərimli kadr potensialının gücləndirilməsi və ayrılan maliyyənin effektivliyinin ölçülməsinin zəruriliyini xüsusilə vurğulayıb: "Bunun üçün öncəliklə biz təhsil sistemində yeni ixtisasların təmin olunması, həmçinin rəqəmsallaşma sahəsində yeni kadrların cəlb olunmasına ehtiyac duyuruq. Digər tərəfdən, bu istiqamətə ayrılan maliyyə resurslarının daha hədəfli və ölçülə bilən nəticəli olmasına diqqət ayrılmalıdır. Çünki bəzi hallarda biz müşahidə edirik ki, ayrılan maliyyə resursları və ya stimullaşdırıcı proqramlar bəzən hədəfə çatmır və keyfiyyət göstəriciləri aşağı olur. Bu baxımdan, sahələrin keyfiyyət göstəricilərini ölçən ciddi indikatorlar mövcud olmalıdır. Həmçinin, bu gün yaşıl enerji və bərpa olunan enerji sahəsində ciddi investisiyaların cəlb olunmasına da böyük ehtiyac vardır".
Fatimə Cabbarlı
20:00 03.07.2026
Oxunuş sayı: 61