"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov azadlığa buraxıldı
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı Elşad Məhərrəmov və Natiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Crossmedia.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Emil Murquzov ittiham nitqi ilə çıxış edib.
Prokuror məhkəməyə təqsirləndirilən şəxslər - Ceyhun Salmanov və Elşad Məhərrəmov 4 il, Natiq Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilb.
Məhkəmənin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmov isə 3 il 6 ay, Natiq Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlara Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib. Hər üç şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyevə qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
14:54 01.07.2026
Oxunuş sayı: 48