Mərkəzi Bankdan kreditlərlə bağlı - şad xəbər
Azərbaycanda rəqəmsal maliyyə xidmətlərinin təhlükəsizliyinin
artırılması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Mərkəzi Bank
kredit risklərinin idarə olunması qaydalarına dəyişiklik edərək vətəndaşlara
onlayn kreditlərin öz adlarına rəsmiləşdirilməsinə könüllü şəkildə məhdudiyyət
qoymaq imkanı yaradıb. Yeni mexanizmin distant maliyyə xidmətlərində təhlükəsizliyin
gücləndirilməsi, dələduzluq hallarının qarşısının alınması və istehlakçı
hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcəyi bildirilir. Bu baxımdan
sual yaranır: qəbul edilən bu qərarın əsas mahiyyəti və əhəmiyyəti nədən ibarətdir?
Yeni mexanizm vətəndaşların maliyyə təhlükəsizliyinə və bank sektoruna hansı təsirləri
göstərəcək?
Mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a
açıqlama verib:
Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında
bildirib ki, Mərkəzi Bank kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik
edib: “Bu dəyişikliklər məsafədən maliyyə xidmətləri sahəsində risklərin
azaldılması və istehlakçıların hüquqlarının qorunmasının gücləndirilməsi
istiqamətində normativ bazanın təkmilləşdirilməsi ilə əlaqəlidir. Bu ilin
oktyabrından qüvvəyə minəcək dəyişikliklərə əsasən, müştərilərə məsafədən
istehlak krediti müqavilələrinin bağlanmasına və kredit limitlərinin
artırılmasına qarşı könüllü məhdudiyyət tətbiq etmək imkanı yaradılır. Yəni,
riskləri nəzərə alaraq vətəndaş özü məsafədən kredit təklifini məhdudlaşdıra
biləcək. Bu zaman, istənilən vətəndaşımız Azərbaycan Kredit Bürosu üzərindən
sorğu yerləşdirməklə bütün kredit təşkilatlarınd məsafədən kredit rəsmiləşdirilməsinə
qadağa qoya biləcək. Yeni dəyişikliklərə əsasən, vətəndaşlar müştərisi
olduqları kredit təşkilatına birbaşa müraciət etməklə yalnız həmin təşkilata məhdudiyyət
tətbiq edə biləcəklər. Kredit təşkilatları məsafədən kredit rəsmiləşdirilmədən
öncə bu qadağanı yoxlamalı və yalnız məhdudiyyət qoyulmadığı halda krediti verməlidirlər”.

Deputat əlavə edib ki, qaydalarda digər dəyişiklik məsafədən bağlanılan istehlak krediti müqavilələri üzrə vəsaitlərin verilməsində “gözləmə müddəti”nin tətbiq edilməsidir: “Belə ki, kreditin məbləği minimum əmək haqqının iki mislinədək olduqda vəsait 2 saat, bu həddi aşdıqda isə 24 saat sonra hesaba oturacaqdır. Mərkəzi Bank tərəfindən məsafədən kredit ilə bağlı qadağaların tətbiqi müsbət addım olsa da belə, bu daha çox ənənəvi yanaşmadır. Aydındır ki, bu qadağaların tətbiqinə səbəb məsafədən kredit rəsmilləşdirilməsi adı altında hakerlərin bir sıra hallarda vətəndaşları aldadaraq vəsaitlərini mənimsəməsidir. 2024-2025-ci illəri əhatə edən dövrdə kiberdələduzluq və haker hücumları nəticəsində ümumilikdə 22 milyon manatlıq maliyyə oğurluğu baş verib və 17 minə yaxın dələduzluq məqsədli bank kartı əməliyyatı qeydə alınıb. Bütün bunlar, qadağalar ilə yanaşı və yəqin ki, onlardan daha çox vacib olan təhlükəsizlik sistemlərinin daha da gücləndirilməsini aktuallaşdırıb. Azərbaycan Kredit Bürosu üzərindən bu məsələ ilə bağlı sorğu yerləşdirənlərin sayının çox olacağını proqnozlaşdırmaq çətindir. Belə olan halda, qadağa hüququndan istifadə edəcək vətəndaşlarımızın statistikası yeni qaydaların hansı formada səmərəli olduğunu göstərəcək”.
V.Bayramov bildirib ki, “Gözləmə müddətinin” tətbiqi müsbət hal olsa da belə, daha məqsədəuyğun olardı ki, məsafədən kreditləşmədə tranşlar tətbiq olunsun: “Minimum əmək haqqının iki misli bəzi kreditlər üzrə çox az, bəziləri üçün isə kreditin əhəmiyyətli hissəsidir. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, minimum əmək haqqından çox olmamaq şərti ilə kredit məbləğinin 5 faizinədək ilkin tranş açılsın və kredit götürən şəxs tərəfindən vəsaitin alınması təsdiq olunduqdan sonra bir sutka ərzində qalan məbləğ ödənilsin. Bütün bunlar ilə yanaşı, çox vacib məqamlardan biri də maarifləndirmədir. Vətəndaşlar arasında maliyyə və bank xidmətləri ilə bağlı maarifləndirmə genişlənməyincə hakerlər istənilən imkanlardan yararlanmağa çalışacaqlar. Maarifləndirmə isə yalnız Mərkəzi Bank tərəfindən deyil, fərqli və xüsusən də müstəqil steykholderlər tərəfindən həyata keçirilməlidir”.

İqtisadçı Akif Nəsirli qərarın əhəmiyyəti ilə bağlı qeyd edib ki, vətəndaşlar öz istəkləri ilə adlarına onlayn kredit rəsmiləşdirilməsini məhdudlaşdıra biləcəklər: “Bu, xüsusilə dələduzluq hallarının, şəxsiyyət məlumatlarından qanunsuz istifadənin və vətəndaşın xəbəri olmadan kredit götürülməsi riskinin azalmasına xidmət edir. Bu yeniliyin insanlara mühüm faydası olacaq. Vətəndaşlar maliyyə təhlükəsizliyini daha yaxşı qoruya, kiberdələduzluq nəticəsində yarana biləcək zərərlərin qarşısını ala biləcəklər. Eyni zamanda, bu addım bank sisteminə etimadı artıracaq və məsuliyyətli kreditləşmənin inkişafına müsbət təsir göstərəcək. Həqiqətən kreditə ehtiyacı olan şəxs isə istədiyi vaxt bu məhdudiyyəti aradan qaldıraraq yenidən onlayn kredit xidmətindən istifadə edə biləcək”.
Ayhan
20:00 29.06.2026
Oxunuş sayı: 54