Azərbaycanda nağdsız ödənişlər 14 % artıb
Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 14 % artaraq 8 milyard 680 milyon manat təşkil edib.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,62 milyard manatı (87,8 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 058 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 69,7 %-ni təşkil edib.
Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 827 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 3,9 %, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 13,2 % artaraq 20,763 milyon, kredit kartlarının sayı isə 2,5 % azalaraq 2,064 milyon olub. Mayda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,21 milyard manat (illik müqayisədə 4,7 % çox) və 631 milyon manat (_22,2 %) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 5,1 %, POS-terminalların sayı isə 19,3 % artaraq müvafiq olaraq 3 590 ədəd (Bakı üzrə 1 931 ədəd) və 160 897 ədəd (Bakı üzrə 100 696 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
18:06 26.06.2026
Oxunuş sayı: 66