Diqqətli olun - Adınıza kredit götürə bilərlər
Son illər vətəndaşların xəbəri olmadan onların adına kredit rəsmiləşdirilməsi halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Məhz bu səbəbdən Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edərək məsafədən kredit rəsmiləşdirilməsi ilə bağlı yeni tələblər müəyyənləşdirib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, yeni qaydalar vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, uzun müddətdir ki, insanlar gözlənilmədən onların adına kredit borcunun yarandığını öyrənirlər: “İnsanlar birdən-birə xəbər tuturlar ki, onların banka kredit borcu yaranıb. Halbuki özləri kredit götürmədiklərini deyirlər. Sonradan məlum olur ki, müştərisi olduqları bankla bağladıqları müqavilədə məsafədən kredit verilməsi imkanı nəzərdə tutulub. Dələduzlar və ya hakerlər müxtəlif üsullarla vətəndaşlardan kodları əldə edir və onların adından kredit rəsmiləşdirirlər. Belə hallarda vətəndaşların müəyyən məsuliyyəti olsa da, əksər hallarda maliyyə və hüquqi savadlılığın aşağı olması onların aldanmasına səbəb olur. Vətəndaş düşünür ki, hesabında pul yoxdursa, heç kim onun hesabından vəsait çıxara bilməz. Ancaq ağlına gəlmir ki, müqavilədə məsafədən kredit götürmək imkanı da mövcuddur. Buna görə Mərkəzi Bankın qəbul etdiyi qaydalar tamamilə düzgündür”.

Hüquqşünas vurğulayıb ki, yeni mexanizm vətəndaşlara əvvəlcədən məsafədən kredit imkanından imtina etmək hüququ verəcək: “Bank müştəriyə izah etməlidir ki, istəsə məsafədən kredit imkanını məhdudlaşdıra bilər. Beləliklə, gələcəkdə gözlənilməz vəziyyətlərlə qarşılaşmaz. Maliyyə savadı yüksək olan şəxslər bu xidmətdən istifadə edə bilər, çünki banka getmədən əməliyyat aparmaq rahatdır. Lakin əksər insanlar bu imkanlardan düzgün istifadə edə bilmədiyi üçün aldadılır. Yeni qaydalar onların hüquqlarının qorunmasına xidmət edəcək”.
Zeynəb Həsən
14:50 25.06.2026
Oxunuş sayı: 56