Kənd yerlərində məşğulluq artacaq, gəlir mənbələri şaxələnəcək - FERMERLƏRƏ ŞAD XƏBƏR
Azərbaycanda sənaye və kənd təsərrüfatı təyinatlı tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması xərclərinin 50 faizinin subsidiyalaşdırılması ilə bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bu real sektorda investisiya mühitinin yaxşılaşdırılmasına yönəlmiş yeni təşviq mexanizmidir. Xüsusilə ilkin infrastruktur xərclərinin azaldılması kənd təsərrüfatında yeni istehsal və emal müəssisələrinin yaradılmasını sürətləndirə, regionlarda sahibkarlıq fəallığını artıraraq aqrar sektorun sənayeləşməsinə əlavə impuls verə bilər. Bu qərarın eyni zamanda yerli məhsulların maya dəyərinin optimallaşdırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi və regionların iqtisadi inkişafına təsiri əsas müzakirə mövzularından biri kimi ön plana çıxır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib
"Elektrik şəbəkəsinə qoşulma xərclərinin 50%-nin subsidiyalaşdırılması kənd təsərrüfatında yeni istehsal və emal müəssisələrinin yaradılmasına ciddi təkan verə bilər. Çünki praktikada fermer və sahibkarlar üçün əsas maneələrdən biri məhz infrastruktur xərclərinin yüksək olmasıdır. Elektrik xəttinə qoşulmanın yarı qiymətə düşməsi investisiya yükünü azaldaraq, xüsusilə kiçik və orta sahibkarların bu sahəyə daxil olmasını asanlaşdıracaq. Nəticədə regionlarda daha çox aqrar emal müəssisələrinin, soyuducu anbarların və istehsal sahələrinin açılması gözlənilir. Bu fərmanın digər mühüm təsiri aqrar investisiyaların coğrafiyasının genişlənməsi olacaq. İnfrastruktur xərclərinin azaldılması regionları investorlar üçün daha cəlbedici edir və kapitalın paytaxtdan bölgələrə yönəlməsini stimullaşdırır. Bu isə daxili miqrasiyanın azalmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, elektrik təminatının əlçatan və daha ucuz olması istehsal proseslərinin davamlılığını və keyfiyyətini artıracaq. Bu da kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin yüksəlməsinə, əlavə dəyərin ölkə daxilində qalmasına və məhsulların həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətinin güclənməsinə gətirib çıxaracaq".

Deputat əlavə edib ki, ümumilikdə, bu addım aqrar sektorun modernləşdirilməsi, regionların iqtisadi inkişafının sürətlənməsi və qeyri-neft sektorunun gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır: "Lakin paralel olaraq digər infrastruktur məsələlərinin – suvarma, logistika və bazara çıxış imkanlarının da inkişaf etdirilməsi bu təşəbbüsün effektini daha da artıracaq".
Ayhan
16:15 22.06.2026
Oxunuş sayı: 63