Tesla və Ford Çin elektromobillərinin “ucuzluq sirrini” araşdırdı: nəticələr təəccübləndirdi
Tesla və Ford şirkətlərinin mühəndis komandaları Çin istehsalı olan elektromobilləri sökərək onların daha ucuz başa gəlməsinin səbəblərini araşdırıb. Nəticələr avtomobil sənayesində ciddi müzakirələrə yol açıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlər bu addımı Çin elektromobillərinin dünya bazarında sürətlə yayılması və qiymət baxımından rəqabət üstünlüyü əldə etməsi səbəbindən atıb.
Fordun rəhbəri Cim Farli bildirib ki, həm Tesla, həm də Çin istehsalı avtomobillər detal-detal analiz edilib. Onun sözlərinə görə, əldə olunan nəticələr gözləniləndən daha fərqli olub və istehsal fəlsəfəsinə yenidən baxılmasına səbəb olub.
Farli qeyd edib ki, Çin şirkətlərində istehsal prosesində eyni detallardan geniş istifadə edilir və bu da xərcləri ciddi şəkildə azaldır. Məsələn, müxtəlif modellərdə eyni motor və sistemlərin tətbiqi istehsalın daha səmərəli olmasını təmin edir.
Tesla-nın keçmiş rəhbər şəxslərindən Con MakNeil də oxşar nəticələrdən danışıb. O bildirib ki, Çin mühəndisləri görünməyən hissələrdə belə detalları standartlaşdıraraq böyük qənaət əldə edirlər. Bu yanaşma Tesla-nın Model 3 və Model Y modellərində də müəyyən dərəcədə tətbiq olunub.
Məlumata görə, Tesla-nın bəzi modellərində hissələrin təxminən 75 faizi ortaq istifadə olunur ki, bu da istehsal xərclərinin azalmasına təsir göstərir.
03:48 22.06.2026
Oxunuş sayı: 62