Kənd təsərrüfatı üçün mühüm mərhələ: Yeni qanunlar effektiv olacaq?
Azərbaycanda mikro və orta sahibkarlığın (KOB) maliyyələşməsində yeni mərhələ başlayır-qlobal iqtisadiyyatın ən dinamik alətlərindən olan kraudfandinq (kütləvi maliyyələşmə) rəsmi olaraq qanunvericiliyə gətirilir. İndiyə qədər kənd təsərrüfatı və digər sektorlarda böyük infrastruktur layihələrinin icra olunmasına rəğmən, real inkişaf dinamikasının hələ də arzulanan səviyyədə olmaması fonunda, bu yeni addım xüsusi diqqət çəkir. Mərkəzi Bankın nəzarəti altında işə düşəcək sistemin taleyi isə birbaşa icra mexanizmindən asılıdır: qanun real mühitdə işləməsə, növbəti bir "rəf layihəsi" olmaqdan irəli getməyəcək.
Məsələ ilə bağlı iqtisadçı - ekspert Fuad İbrahimov Crossmedia.az-a açıqlama verib:

"Aydın məsələdir ki, bunu özümüz icad etməmişik. Bu, müasir dövrdə qlobal modeldə istifadə olunan bir alətdir. Əgər sağlam şəkildə işləyərsə, əlbəttə ki, mikro, kiçik və orta sahibkarlığın biznes aktivliyinə dəstək verə biləcək bir qərardır. Ancaq, gəlin, suala dürüst cavab verək. Bu günə qədər biz hansısa bir qanun layihəmizi sahibkarlığın ziddinə qəbul etmişik ki? Hərçənd müşahidə edirik ki, inkişaf dinamikası istənilən səviyyədə deyil. Cənab Prezident çıxışlarının birində deyib ki, kənd təsərrüfatı sektorunda böyük işlər görülüb, infrastruktur bərpa edilib, qanun layihələri qəbul olunub, texnika parkı yaradılıb, amma yenə də inkişaf dinamikası arzuolunan deyil. Tutalım, bu layihəni həyata keçirdik, on mikrosahibkar yetişdirdik, onlar bu dəqiqə az qala ixraca mal göndərirlər, filan qədər iş yeri açırlar. Gəlin, gedək görək nəticə var?
Sual yaranır ki, bu, maliyyə sisteminə necə təsir edəcək? Əgər icra mexanizmi olmazsa, heç bir təsiri olmayacaq. Bu qanun da digərləri kimi kitab rəfinin bir küncünə qoyulacaq ki, belə bir qanunumuz da var".
Ekspert söyləyib, ki, icra mexanizmi olsa nəticə əldə oluna bilər: "Bildiyimiz qədər dövlət nəzarətini Mərkəzi Bank həyata keçirəcək. Mən Mərkəzi Bankın komandasına etimad edirəm. Ancaq onların da əlində yalnız öz səlahiyyətləri çərçivəsində imkanlar var. Onlar digər dövlət nəzarət orqanlarının səlahiyyət çərçivəsinə daxil ola bilmirlər.
Vahid bir sistem şəklində, əlbəttə ki, bu, çox lazımlı bir qanun layihəsidir. Ancaq nəzərə almaq lazımdır ki, bunun mütləq işlək bir icra mexanizmi olmalıdır. Əgər icra mexanizmi olsa və müvafiq mühit formalaşsa, bəli, bu, sadaladığımız bütün sektorları əhatə edib öz müsbət təsirini göstərəcək".
Turqut Ansari
13:13 19.06.2026
Oxunuş sayı: 60