Frilanserlərə vacib xəbər: Vergi sistemi dəyişir
Azərbaycanda rəqəmsal iqtisadiyyatın genişlənməsi və yeni əmək münasibətlərinin formalaşması fonunda frilanser fəaliyyətinin hüquqi çərçivəyə salınması istiqamətində yeni addım atılır. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə ilk dəfə olaraq frilanser anlayışının ayrıca müəyyənləşdirilməsi, bu kateqoriyaya daxil olan şəxslərin qeydiyyat mexanizmi və vergi rejimi dəqiqləşdirilir. Xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində çalışan şəxslər üçün nəzərdə tutulan bu yanaşmanın əsas məqsədlərindən biri onların fəaliyyətini leqallaşdırmaq, xarici bazarlardan gəlir əldə etməsini stimullaşdırmaq və vergi güzəştləri vasitəsilə texnologiya yönümlü iqtisadi aktivliyi artırmaq kimi qiymətləndirilir. Bu fonda əsas sual yaranır: yeni tənzimləmə Azərbaycanda frilanser bazarının inkişafına və kölgə iqtisadiyyatının azalmasına nə dərəcədə təsir göstərəcək?
Mövzu ilə bağlı Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Crossmedia.az-a açıqlama verib:

“Əslində, frilanser – yəni özünüməşğul şəxslərlə bağlı anlayış Azərbaycan vergi qanunvericiliyində yeni deyil. Sadəcə olaraq, bu fəaliyyət indiyə qədər başqa adlarla – mikrosahibkarlıq, sadələşdirilmiş vergi ödəyicisi və ya müstəqil fəaliyyət göstərən şəxs kimi tənzimlənib. Məsələn, təlimçi, tərcüməçi və ya fərdi xidmət göstərən şəxslər vergi uçotunda qeydiyyata duraraq fəaliyyət göstərə və fəaliyyət növündən asılı olaraq müəyyən vergi güzəştlərindən yararlana bilirlər. Eyni zamanda vəkil, auditor və digər müstəqil peşə sahibləri də əmək müqaviləsi olmadan fəaliyyət göstərən şəxslər hesab olunurlar. Hazırda frilanser anlayışının ayrıca müəyyənləşdirilməsi ilə görünür ki, bu sahədə yeni hüquqi və vergi mexanizmlərinin tətbiqi nəzərdən keçirilir. Layihənin tam məzmunu məlum olmadığından yekun qiymətləndirmə aparmaq çətindir. Amma əsas prinsip prosesin maksimum sadə qurulması olmalıdır”.
Ekspert qeyd edib ki, çünki özünüməşğul şəxslər üçün mürəkkəb hesabat və vergi sistemi yaradılarsa, bu, onların kölgə iqtisadiyyatında qalmasına səbəb ola bilər: “Əksinə, sadələşdirilmiş qeydiyyat və minimal vergi yükü tətbiq edilərsə, minlərlə insan rəsmi iqtisadi dövriyyəyə cəlb oluna bilər. Bu gün evlərə texniki xidmət göstərən, təmirlə məşğul olan, fərdi xidmət təqdim edən çoxsaylı şəxslər faktiki olaraq frilanser kimi fəaliyyət göstərirlər. Məqsəd həmin şəxslərin fəaliyyətini çətinləşdirmək yox, onları rəsmi sistemə daxil olmağa həvəsləndirmək olmalıdır. Ona görə də bu istiqamətdə atılan təşəbbüslər ümumilikdə müsbət görünür. Sadəcə, yeni anlayışın tətbiqi mövcud sistemi daha çevik və əlçatan etməlidir”.
Ayhan
11:04 19.06.2026
Oxunuş sayı: 52