Şad xəbər: Benzin ucuzlaşacaq
Dünyada enerji daşıyıcılarının, xüsusilə də neftin qiymətində son aylarla müqayisədə azalma müşahidə olunur. Hazırda neftin qiyməti təxminən 78 dollar səviyyəsinə qədər geriləyib. Ekspertlər hesab edirlər ki, bu tendensiya yaxın həftələrdə yanacaq bazarına da təsir göstərə bilər.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan REAL partiyasınən sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, neftin ucuzlaşması dərhal olmasa da, təxminən 2-3 həftə sonra benzinin və dizel yanacağının qiymətlərində özünü göstərə bilər:

"Yanacaq qiymətlərinin enməsi qlobal miqyasda inflyasiyanın müəyyən qədər zəifləməsinə səbəb ola bilər. Dünyada enerji daşıyıcılarının, xüsusilə də neftin qiymətində mart, aprel və may ayları ilə müqayisədə enmə müşahidə olunur. Hazırda neft təxminən 78 dollar səviyyəsinə qədər ucuzlaşıb. Bu ucuzlaşma bir müddət sonra yanacaq qiymətlərinə də təsir göstərəcək. Benzinin, eləcə də dizel yanacağının qiymətində müəyyən azalmalar müşahidə oluna bilər. Bu isə öz növbəsində qlobal inflyasiyanın bir qədər səngiməsinə təsir edən amillərdən biri olacaq”.
İqtisadçı qeyd edib ki, bu prosesin Azərbaycana birbaşa təsiri məhdud olsa da, idxaldan asılılıq səbəbindən müəyyən dolayı təsirlər mümkündür:
“Azərbaycanda qiymətlərin birbaşa və kəskin şəkildə ucuzlaşacağını gözləmək doğru olmazdı. Lakin ölkə idxaldan asılı olduğu üçün xarici bazarlarda enerji və daşınma xərclərinin azalması gətirilən məhsulların maya dəyərinə təsir göstərə bilər. Bu da ən azından qiymətlərin sürətlə bahalaşmasının qarşısını almağa kömək edə bilər”.
N.Cəfərli hesab edir ki, yaxın dövrdə ərzaq və digər məhsulların qiymətlərində ciddi ucuzlaşma deyil, daha çox bahalaşma tempinin zəifləməsi müşahidə oluna bilər:
“Hazırkı şəraitdə Azərbaycanda qiymətlərin aşağı düşməsindən daha çox, artım sürətinin azalmasını gözləmək real görünür. Yəni bahalaşma prosesi tam dayanmasa da, əvvəlki dövrlərlə müqayisədə daha zəif templə davam edə bilər”.
Zeynəb Həsən
19:29 18.06.2026
Oxunuş sayı: 76