ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
Azərbaycan risklərin dəqiq bölgüsü və dövlətin iqtisadiyyatın inkişafında fəal iştirakı sayəsində iri infrastruktur və enerji layihələrinə İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir.
Crossmedia.az xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) Bank Departamentinin baş direktoru vəzifəsini icra edən Məhəmməd Aşiq İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən iclasında deyib.
Onun sözlərinə görə, tənzimləmənin şəffaflığı, layihə iştirakçıları arasında məsuliyyətin dəqiq bölgüsü və qərar qəbuletmə sürəti investorlar və kreditorlar üçün həlledici əhəmiyyət kəsb edir.
M. Aşiq qeyd edib ki, layihələrin strukturlaşdırılması zamanı əsas çətinlik maliyyə alətinin seçilməsində deyil, risklərin, iqtisadi modelin və investisiyaların uzunmüddətli dayanıqlığının ətraflı şəkildə qiymətləndirilməsindədir.
"Vaxt layihələrin əsas düşmənidir, çünki resursların, materialların və maliyyələşmənin dəyəri daim dəyişir", - o bildirib.
ICD nümayəndəsi vurğulayıb ki, İslam maliyyəsi real aktivlərə və uzunmüddətli iqtisadi dayanıqlığa əsaslandığı üçün xüsusilə energetika, su təchizatı, bərpa olunan enerji mənbələri, həmçinin nəqliyyat və kommunal infrastruktur sahələrindəki layihələr üçün effektivdir.
O, həmçinin başa çatmış infrastruktur layihələrinin yenidən maliyyələşdirilməsi və bazarlarda əlavə kapitalın cəlb edilməsi üçün İslam istiqrazları olan sukukdan istifadə potensialını qeyd edib.
19:15 16.06.2026
Oxunuş sayı: 40