Mərkəzi Parkda təhlükə siqnalı: Gənclərin velosiped fəndləri narahatlıq doğurdu
Bakının Mərkəzi Parkında bir qrup gəncin velosipedlə təhlükəli hərəkətlər etməsi ictimai məkanlarda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Gənclərin ekstremal idmana marağı başadüşülən olsa da, park, küçə və digər insanların istifadə etdiyi ərazilərdə riskli fəndlərin nümayiş etdirilməsi həm özləri, həm də ətrafdakılar üçün təhlükə yarada bilər. Bu cür halların qarşısının alınması üçün maarifləndirmə, nəzarət və ictimai məsuliyyət məsələləri diqqət mərkəzinə gəlir.
Sosial şəbəkələrdə emosional risk daşıyan hərəkətlərin nümayişi bu gün dünyada dəb halını alıb. Bu tendensiya xüsusilə yeniyetmələr və gənclər arasında geniş yayılıb.
Sosioloq, fəlsəfə doktoru Hüseyn İbrahimov bu barədə Crossmedia.az-a danışıb: "Avtomobil, velosiped, skuter və elektromobil idarə edərkən təhlükəli hərəkətlərin çəkilib paylaşılması ciddi risk yaradır. Bu cür davranışların ictimai yerlərdə nümayiş etdirilməsi də eyni dərəcədə təhlükəlidir. Əvvəllər belə hərəkətlər əsasən idman yarışlarında müşahidə olunurdu. Lakin şəhərdə parkların sayının artması və fərdi nəqliyyat vasitələrinin yayılması gənclər üçün yeni imkanlar yaradıb. Təssüf ki, bəzi gənclər bu imkanlardan düzgün istifadə etmir. Onlar ictimai asayişi pozan davranışlar sərgiləyirlər. Şəxsən mən dəfələrlə rastlaşmışam ki, insanlar küçədə hərəkət edərkən velosiped, skuter və digər nəqliyyat vasitələri ilə onların yanından qəfil və təhlükəli şəkildə keçirlər. Bəzən bu hərəkətlər xəsarətlə nəticələnir”.
O, hesab edir ki, aidiyyəti qurumlar belə hallarla qarşılaşdıqda lazımi tədbirlər görür: "Qurumlar həmin şəxslərlə maarifləndirici söhbətlər aparır. Lakin bu məsələdə cəmiyyətin sosial nəzarəti də vacibdir. İnsanlara izah edilməlidir ki, bu cür davranışlar yol verilməzdir".
Sosioloq ictimai yerlərdə könüllü maarifləndirici qrupların yaradılmasını təklif edib: "Bu qruplar xüsusilə belə vasitələrin istifadəsinə icazə verilməyən ərazilərdə fəaliyyət göstərə bilər. Onlar ictimai asayişin və nizam-intizamın qorunmasına dəstək verə bilərlər. Qruplar həmin şəxsləri xəbərdar etməlidirlər. Onlar həmin şəxslərlə izahat işi aparmalıdırlar. Edilən xəbərdarlıqlar da qeydə alınmalıdır. Məsələn, şəxs birinci, ikinci və üçüncü xəbərdarlıqdan sonra da eyni davranışı təkrarlayırsa, könüllü qruplar bu barədə aidiyyəti qurumlara məlumat verməlidirlər. Bundan sonra qanunvericiliyə uyğun tədbirlər görülə bilər. Elə yeniyetmə və gənclər var ki, onlara dəfələrlə xəbərdarlıq edilsə də, davranışlarını dəyişmirlər. Onlar öz bildikləri kimi hərəkət etməyə davam edirlər. Bu baxımdan məsələnin tənzimlənməsi vacibdir. Maarifləndirmə işinin gücləndirilməsi də olduqca vacibdir".
Təhlükəsizlik eksperti İlkin Məmmədkərimov da məsələyə münasibət bildirib: "Ekstremal hərəkətlər edən şəxslər təkcə öz həyatlarını deyil, ətrafdakı insanların da təhlükəsizliyini risk altına atırlar. Bu cür halların qarşısını almaq üçün qanunvericilikdə cəzalar sərtləşdirilməlidir. Belə hərəkətlərə yol verən şəxslər həbs olunmalıdırlar. Bu cür hərəkətlər edən şəxslər təkcə öz həyatlarını təhlükə altına atımırlar. Onlar eyni zamanda digər insanların, xüsusilə az yaşlıların da həyatını risk altına atırlar. Belə ekstremal hərəkətlər nəticəsində digər insanlar xəsarət ala bilər, hətta dünyasını dəyişə bilər”.
İ. Məmmədkərimov vurğulayıb ki, ekstremal hərəkətlər edən şəxslər öz əməllərinin yol verilməz olduğunu dərk etməlidirlər. Onun fikrincə, bu cür davranışlar həm ətrafdakı insanlar, həm də hərəkəti törədən şəxsin özü üçün ciddi təhlükə yaradır.
Nigar Xəlilli
11:49 16.06.2026
Oxunuş sayı: 65