TDT dövlətləri arasında bank sektorunda əməkdaşlıq güclənir - Detallar açıqlandı
Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi son illərdə regional və beynəlxalq gündəmin mühüm mövzularından birinə çevrilib. Xüsusilə iqtisadi əlaqələrin dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və ortaq layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar inteqrasiya prosesinə yeni dinamika qazandırır. Bu baxımdan maliyyə və bank sistemləri sahəsində əməkdaşlığın gücləndirilməsi Türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etməsində vacib amillərdən biri hesab olunur.
Müasir dövrdə iqtisadi inteqrasiyanın əsas şərtlərindən biri maliyyə sistemlərinin qarşılıqlı uyğunlaşdırılması və rəqəmsal ödəniş imkanlarının genişləndirilməsidir. Ekspertlər hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar üzv ölkələr arasında ticarət əlaqələrinin genişlənməsinə, investisiya mühitinin yaxşılaşmasına və sahibkarların yeni bazarlara çıxış imkanlarının artmasına şərait yarada bilər. Eyni zamanda, maliyyə əməkdaşlığının dərinləşməsi birgə investisiya layihələrinin sayının artmasına, iqtisadi əlaqələrin daha sistemli xarakter almasına və Türk dövlətlərinin ümumi iqtisadi potensialının daha səmərəli şəkildə istifadə olunmasına töhfə verə bilər.
Bəs Türk dövlətlərinin maliyyə və bank sistemlərinin inteqrasiyası hansı perspektivlər vəd edir? Bu proses iqtisadi əməkdaşlığın inkişafına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlama verib:

“Türk dövlətlərinin inteqrasiyası və əməkdaşlığının gücləndirilməsi, təbii ki, ən vacib prioritet istiqamətlərdən biridir. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə proqramları və layihələri yaxından dəstəkləyən ölkələrdən biridir. Bir sıra ölkələrlə birgə investisiya fondlarının yaradılması və ortaq sərmayə qoyuluşlarının həyata keçirilməsi də məhz bu iradənin və əməkdaşlıq istəyinin göstəricisidir. Təbii ki, maliyyə sistemlərinin inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Əslində, son qlobal tendensiyalar göstərir ki, ölkələrin iqtisadi inteqrasiyası daha çox maliyyə və bank sektorlarının inteqrasiyasından keçir. Ona görə də maliyyə sektorunda əməkdaşlığın dərinləşdirilməsi və inteqrasiyanın gücləndirilməsi birmənalı şəkildə Türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasına və aralarındakı əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu, Türk dövlətləri üçün yeni imkanlar deməkdir. Həmin imkanlar birmənalı şəkildə həm birgə layihələrin reallaşmasına, həm Türk dövlətləri arasında inteqrasiya səviyyəsinin daha da yüksəlməsinə, həm də qarşılıqlı iqtisadi və maliyyə əməkdaşlığının genişlənməsinə şərait yaradacaq. Sözsüz ki, Türk dövlətləri bu əməkdaşlıq və inteqrasiya prosesindən daha çox faydalanacaq, bu da onların iqtisadi inkişafına və ümumi potensialının güclənməsinə mühüm töhfə verəcək”.
İqtisadçı Eyyub Kərimli də məəaləyə münasibət bildirib: “Türk dövlətlərinin maliyyə və bank sistemlərinin inteqrasiyası, əlbəttə ki, üzv ölkələr arasında maliyyə əməliyyatlarının daha sürətli, təhlükəsiz və geniş əhatədə həyata keçirilməsinə müsbət təsir göstərəcək. Bu isə öz növbəsində dövlətlər arasında ticarət mübadiləsini asanlaşdıracaq və ticarət dövriyyəsinin həcminin artmasına dəstək olacaq. Digər tərəfdən, belə inteqrasiya gələcəkdə investisiya və kreditləşmə imkanlarının genişlənməsinə şərait yarada bilər. Bu da ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi inkişafına, birgə investisiya fondlarının formalaşmasına və investisiya imkanlarının artırılmasına müsbət təsir göstərəcək. Nəticə etibarilə, ölkələrin xarici ticarət əlaqələri daha da genişlənəcək və iqtisadi göstəriciləri yüksələcək”.
O, əlavə edib ki, bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi iqtisadi potensialı və bazar imkanları kifayət qədər böyükdür: “Buna görə də iqtisadiyyatların qarşılıqlı inteqrasiyası bütün tərəflər üçün ciddi faydalar vəd edir. Eyni zamanda, yeni bazarların və istehsal sahələrinin açılması, sahibkarların qarşılıqlı investisiya fəaliyyətinin genişlənməsi baxımından da bu proses mühüm əhəmiyyət daşıyır. Hazırda beynəlxalq praktikada, xüsusilə də Avropa İttifaqı təcrübəsində bunun uğurlu nümunələrini görmək mümkündür. Maliyyə sistemlərinin inteqrasiyası turizm sektoruna da müsbət təsir göstərə bilər. Belə ki, insanlar bu ölkələr arasında səfər edərkən rahat şəkildə rəqəmsal və onlayn ödəniş imkanlarından istifadə edə biləcəklər. Bu isə turist axınının artmasına, xidmət sektorunun genişlənməsinə və digər iqtisadi sahələrin inkişafına əlavə stimul verəcək. Xüsusilə hesab edirəm ki, bu proses onlayn ticarət platformalarının inteqrasiyasına və inkişafına ciddi təkan verəcək. Rəqəmsal ödəniş sistemlərinin uyğunlaşdırılması və maliyyə infrastrukturunun yaxınlaşdırılması elektron ticarətin genişlənməsinə, sahibkarların yeni bazarlara çıxış imkanlarının artmasına və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacaq”.
Ayhan
11:15 13.06.2026
Oxunuş sayı: 107