Elektron formatda istifadə şagird və tələbələr üçün nə vəd edir?
Təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib ki, uşaqları tam şəkildə elektron formatdan uzaqlaşdırmaq cəmiyyətin inkişaf tempinə mənfi təsir göstərə bilər. Həqiqətən də, rəqəmsal texnologiyaların həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqların bu mühitdən tam təcrid olunması nə real, nə də uzunmüddətli həll kimi görünür. Digər tərəfdən isə ekran asılılığı, diqqət dağınıqlığı və sosial təsirlər kimi narahatlıqlar da gündəmdə qalır.
Bu onda əsas sual ortaya çıxır: texnologiyadan faydalanmaqla uşaqların sağlam inkişafı arasında balansı necə qorumaq lazımdır?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndiyev Crossmedia.az-a açıqlama verib: “Müasir dövrdə biz informasiya əsrində yaşayırıq. Təbii ki, informasiya texnologiyaları hər keçən gün daha da inkişaf edir. Nəticə etibarilə, bizdən asılı olmadan yeni nəsil, uşaqlar və gənclər demək olar ki, informasiya texnologiyalarının içərisində formalaşırlar. Biz də bacardığımız qədər çalışmalıyıq ki, bu alətlərin təqdim etdiyi imkanlardan konkret olaraq elm və təhsil istiqamətində istifadə edə bilək. Əgər həmin imkanları daha çox şouya, əyləncəyə, oyunlara və digər oxşar sahələrə yönləndirəcəyiksə, təbii ki, bu halda cəmiyyət olaraq irəli gedə bilməyəcəyik. Ona görə də burada əsas məsələ balansın qorunmasıdır. Bu vasitələrdən məqsədli şəkildə, bir alət kimi istifadə etməliyik. Yəni alətin əsiri olmamalı, əksinə aləti öz məqsədlərimizə xidmət etdirə bilməliyik”.
Ekspert qeyd edib ki, bunun müəyyən həll yolları var: “Birincisi, valideyn nəzarətidir. İkincisi isə təhsil sistemində həmin alətlərin sırf elmə, təhsilə və inkişaf yönümlü istifadəsinin təşviq edilməsidir. Bunlar təmin olunduğu halda, balans qorunacaq və təhsil göstəricilərinin artmasına daha ciddi təkan veriləcək. Çünki bizdən asılı olmadan istər müxtəlif öyrədici platformalar, istər sosial şəbəkələr, istərsə də rəqəmsal vasitələr həyatımızın bir hissəsinə çevrilib. Əgər biz bu imkanları yalnız əyləncə və vaxt keçirmək istiqamətində istifadə etsək, cəmiyyətin inkişaf tempinin zəiflədiyini görə bilərik. Əks halda isə texnologiya təhsil, bilik və inkişaf istiqamətində cəmiyyətə ciddi töhfə verə bilər”.

BDU-nun Jurnalistika fakültəsinin doktorantı, tədqiqatçı Kənan Novruzov isə bildirib ki, bu məsələdə "qızıl orta" qorunmalıdır: "Əlbəttə, texnologiyanı təcrid etmək olmaz. Elektron resurslar bu gün nəinki şagird və tələbələrin, hər birimizin həyatında mühüm rol oynayır. Bu, faktdır. Elektron vasitələrdən istifadə etməklə işimizi xeyli asanlaşdıra, daha çevik və məhsuldar ola bilərik. Lakin burada diqqət etməli olduğumuz bir məqam var: Elektron vasitələrdən, o cümlədən süni intellektdən tam asılı vəziyyətə düşmək olmaz. Bu, insanı tənbəlləşdirir, bacarıqlarını məhdudlaşdırır. O baxımdan elektron resurslardan istifadə edərkən diqqətli olmalıyıq. Elə etməliyik ki, biz onu idarə edək, o bizi yox".
Ayhan
17:38 11.06.2026
Oxunuş sayı: 72