Kriptovalyutalar özünü doğrultmadı?
Kriptovalyuta bazarında son illərdə yaşanan ciddi qiymət dalğalanmaları və investorların üzləşdiyi itkilər rəqəmsal aktivlərə münasibətlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, kriptovalyutalar yüksək gəlir vəd etsə də, risk səviyyəsi də kifayət qədər çoxdur. Eyni zamanda, Azərbaycanda alternativ investisiya alətlərinin məhdud olması da rəqəmsal aktivlər bazarının inkişaf perspektivləri ilə bağlı sualları artırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, kriptovalyutalar yarandığı gündən etibarən spekulyativ aktivlər kimi xarakterizə olunub: “Kriptovalyutalar tarixən yarandığı gündən həmişə həddindən artıq problemli, yəni spekulyativ aktivlər olub. Spekulyasiyalara, xəbər axınlarına reaksiya verir. Onlardan daim qazanc mənbəyi kimi istifadə etməyi düşünənlər həmişə uduzurlar. Bu, müvəqqəti qazanc ola bilər. Yəni siz hansısa bir anı tutub, ucuz olanda alıb baha olanda satarsınızsa, o zaman qazana bilirsiniz”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda digər rəqəmsal aktivlərin və investisiya alətlərinin sayı da məhduddur: “O ki qaldı digər rəqəmsal aktivlərə, ölkə daxilində onların sayı o qədər də çox deyil. Bizdə səhm bazarı, qiymətli kağızlar bazarı yoxdur. Demək olar ki, yox dərəcəsindədir. Digər aktivlərin isə cəlbediciliyi aşağıdır”.
N.Cəfərlinin sözlərinə görə, son dövrlərdə daha çox maraq doğuran investisiya alətləri dövlət və iri şirkətlər tərəfindən xarici valyutada buraxılan qiymətli kağızlardır: “İndi ən çox cəlbedici aktivlər son zamanlar bir çox dövlət şirkətlərinin valyuta ilə buraxdığı qiymətli kağızlardır ki, onların gəlirliliyi 5-6 faiz olur. Məsələn, SOCAR-ın da istiqrazları var, onların da gəlirlilik səviyyəsi yüksəkdir. Hazırda Azərbaycanda kriptovalyuta və digər rəqəmsal investisiya alətlərinin yayılması hələ də məhdud səviyyədə qalır. Kripto və yaxud rəqəmsal kontentlə bağlı investisiya alətləri ölkədə çox azdır”.
Zeynəb Həsən
13:00 11.06.2026
Oxunuş sayı: 51