Bir toxunuşla ödəniş, daha az xərc: NFC-nin gizli üstünlükləri
Rəqəmsal ödənişlərin sürətlə inkişaf etdiyi bir dövrdə mərkəzi banklar və maliyyə institutları istifadəçilərə daha rahat, təhlükəsiz və sürətli xidmətlər təqdim etməyə çalışırlar. Azərbaycanda da ani ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində yeni texnoloji həllərin tətbiqi gündəmdədir.
Bu kontekstdə NFC texnologiyasının ani ödəniş sistemlərinə inteqrasiyası həm ödəniş prosesinin sadələşdirilməsi, həm də rəqəmsal maliyyə ekosisteminin inkişafı baxımından diqqət çəkir. Ekspertlər hesab edirlər ki, ani ödəniş sistemlərində NFC texnologiyasının tətbiqi Azərbaycanın rəqəmsal ödəniş infrastrukturunun inkişafında növbəti mərhələ ola bilər.
İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Gündüz Camalzadə Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödəniş Sistemlərinə cari il ərzində maliyyə institutlarının inteqrasiyası, habelə özəl sektorun bu xidmətdən alternativ ödəniş aləti kimi yararlanması rəqabət mühiti üçün mühüm amildir.

Ekspertin sözlərinə görə, NFC texnologiyası müştərilərə mobil telefon, ağıllı saat və digər rəqəmsal cihazlar vasitəsilə saniyələr ərzində təmassız ödəniş imkanı yaradır. Bu isə ödəniş prosesini daha sürətli, rahat və təhlükəsiz edir.
"İlk növbədə, NFC əsaslı ani ödəniş xidmətinə əlçatanlığın təmin edilməsi nağdsız ödənişlərin həcmini artıracaq və iqtisadiyyatın rəqəmsallaşdırılmasına əlavə təkan verəcək. Müştərilər kart məlumatlarını daxil etmədən, bir toxunuşla ödəniş edə bildikləri üçün bu texnologiya istehlakçıların gündəlik ödəniş vərdişlərini dəyişə və rəqəmsal ödənişlərə etimadı gücləndirə bilər", - deyə Gündüz Camalzadə qeyd edib.
Ekspert vurğulayıb ki, NFC texnologiyasının ani ödəniş infrastrukturu ilə inteqrasiyası banklar, fintex şirkətləri və ödəniş xidməti təminatçıları üçün yeni məhsul və xidmətlərin yaradılmasına şərait yaradır. Bu da bazarda rəqabəti artırmaqla yanaşı, innovasiyaların daha sürətli tətbiqinə səbəb olacaq.
Gündüz Camalzadə hesab edir ki, NFC əsaslı ani ödənişlər elektron ticarətin, ictimai nəqliyyatda və pərakəndə satış sektorunda rəqəmsal ödənişlərin, eləcə də dövlət xidmətlərinin rəqəmsallaşmasının sürətlənməsinə töhfə verə bilər. Belə inteqrasiya vahid rəqəmsal maliyyə ekosisteminin formalaşmasına xidmət edərək istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Makroiqtisadi baxımdan isə ekspertin fikrincə, rəqəmsal ödənişlərin artması əməliyyat xərclərinin azalmasına, maliyyə dövriyyəsinin şəffaflaşmasına və kölgə iqtisadiyyatının həcminin azalmasına müsbət təsir göstərəcək. Bu proses iqtisadi aktivliyin artmasına və maliyyə sektorunun daha səmərəli fəaliyyətinə şərait yaradır.
"Nəticə etibarilə NFC texnologiyasının ani ödəniş sistemlərinə inteqrasiyası sadəcə texnoloji yenilik deyil, həm də Azərbaycanın rəqəmsal iqtisadiyyat strategiyasını dəstəkləyən, maliyyə sektorunda innovasiyaları sürətləndirən mühüm transformasiya alətidir", - deyə iqtisadçı əlavə edib.
Nigar Xəlilli
11:59 11.06.2026
Oxunuş sayı: 51