Ehtiyatlı olun: Süni intellektin kibertəhlükəsizlik imkanları təhlükə yaradır
ABŞ-nin Anthropic şirkətinin hazırladığı yeni “Claude Mythos” adlı süni intellekt modeli kibertəhlükəsizlik sahəsində yaratdığı imkanlara görə dünyada ciddi narahatlıq doğurub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, proqramlaşdırma üzərində təlim keçən modelin, insanların uzun illərdir aşkar edə bilmədiyi təhlükəsizlik boşluqlarını tapmaqda olduqca uğurlu olduğu bildirilir. Sınaqlar zamanı süni intellektin heç bir icazəsi olmayan istifadəçiyə ABŞ hərbi sistemində administrator səlahiyyəti qazandıra bildiyi qeyd olunub.
Mütəxəssisləri ən çox narahat edən məqam isə modelin kiçik təhlükəsizlik boşluqlarını birləşdirərək mürəkkəb hücum yolu formalaşdıra bilməsidir.
Cinayətkarların bu texnologiyadan istifadəsinin qarşısını almaq üçün Anthropic modelə çıxışı “Glass Wing” adlı layihə çərçivəsində ciddi şəkildə məhdudlaşdırıb. Hazırda sistemdən yalnız seçilmiş ABŞ tərəfdaşları yararlana bilir.
Lakin bu addım beynəlxalq narazılığa səbəb olub. Hindistan kimi ölkələr hesab edir ki, məhdud giriş onların rəqəmsal müstəqilliyinə zərər vurur və texnoloji inkişaf baxımından geri qalmasına səbəb olur.
Qeyd edək ki, dünya liderləri 2026-cı ilin fevralında keçirilən sammitdə süni intellekt təhlükəsizliyi ilə bağlı qaydaları müzakirə etsələr də, dövlətlər arasında texnologiyaya nəzarət uğrunda rəqabət ortaq beynəlxalq qanunların qəbulunu çətinləşdirir.
01:42 28.05.2026
Oxunuş sayı: 49