Aqrar sektora müdaxilə, yoxsa təşviq - hansı model daha effektiv olar?
Bakıda keçirilən “Caspian Agro Week” çərçivəsində V Aqrobiznesin İnkişafı Forumunda Milli Məclisin deputatı Tahir Rzayevin səsləndirdiyi fikirlər aqrar sektorun gələcək modeli ilə bağlı mühüm müzakirələri yenidən gündəmə gətirib.
O, çıxışında sahibkarlığın artıq təkcə gəlir mənbəyi deyil, həm də məşğulluq, ərzaq təhlükəsizliyi və ümumi iqtisadi rifahın əsas dayaqlarından biri olduğunu vurğulayıb.
Eyni zamanda, deputat dövlətin bazara birbaşa müdaxiləsinin yolverilməz olduğunu qeyd edərək, azad sahibkarlığın inkişafında bazar mexanizmlərinin əsas rol oynamalı olduğunu bildirib.
Onun fikrincə, sahibkarlar özləri bazarı analiz etməli, planlaşdırma aparmalı və riskləri öncədən qiymətləndirməlidirlər.
Lakin bu yanaşma yeni bir sualı ortaya çıxarır: həqiqətənmi dövlət bazara tamamilə müdaxilə etməməlidir, yoxsa müasir iqtisadi sistemlərdə dövlətin rolu daha çox dolayı tənzimləmə və dəstək mexanizmləri ilə məhdudlaşmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

“Mən o açıqlamanı oxudum. Əlbəttə ki, birbaşa dövlətin bazara müdaxiləsi yol verilməzdir və bu, ciddi problemlər yaradır. Amma dövlətin təşviq alətləri var ki, birbaşa yox, dolayısı ilə müdaxilə edə bilər.
Tahir Rzayev əsasən fermerlərdən danışır. Burada da dolayı müdaxilələr və dəstək proqramları olmalıdır, məncə. Bu həm fermerlərə daha effektiv subsidiyaların verilməsi, həm də onların ucuz və uzunmüddətli kredit imkanlarına çıxışının təmin edilməsi ilə bağlı dövlətin rolunu nəzərdə tutur. Bunlar birbaşa müdaxilə sayılmır, bu, daha çox təşviq və dəstək mexanizmləridir.
Amma birbaşa bazara müdaxilə doğrudan da yol verilməzdir, çünki sonda əks effekt yarada bilər. Bu cür təcrübənin mənfi nəticələrini biz keçmişdə Sovet İttifaqı dövrünün iqtisadi modelində də görmüşük”.
14:00 06.05.2026
Oxunuş sayı: 92