Azərbaycanda devalvasiya riski var?
Azərbaycanın xarici ticarət siyasətində yeni bir mərhələ başlayır: Milli iqtisadiyyatın "dollar asılılığından" azad edilməsi. Son illər Gömrük və Vergi məcəllələrində aparılan fundamental islahatlar təkcə şəffaflığı təmin etmir, həm də ölkənin maliyyə suverenliyini daxili bazarda tam bərqərar edir. Dedollarizasiya siyasətinin mühüm tərkib hissəsi olan yeni hesablama mexanizmi, idxal əməliyyatlarında yaranan "valyuta ikiliyinə" son qoyaraq, sahibkarlar üçün daha proqnozlaşdırıla bilən və sadə bir hüquqi zəmin yaradır.

Məsələ ilə bağlı İqtisad Elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı -ekspert Günay Hüseynova Crossmedia.az-a açıqlama verib: "Bir neçə ildir ki, Gömrük və Vergi məcəlləsində şəffaflığın qorunması, hesablamalarda sadəlik və şəffaflıq baxımından islahatlar, əlavə və dəyişikliklər icra edilir. Hazırda nəzərdə tutulan dəyişiklik dedollarizasiyanın bir parçasıdır. Başqa sözlə desək, bu sahədə dollardan uzaqlaşmadır. Məlumdur ki, xarici ticarət əməliyyatları dollar və avro ilə aparılır.
Gömrük rüsumları və digər vergilər isə milli valyuta ilə həyata keçirilir. İdxalın xarici valyuta üzərindən hesablanıb, digər ödəmələrin yerli valyuta üzərindən hesablanması köhnə qayda ilə qarışıqlıq yaradırdı. Yeni qərar isə bu qarışıqlığı aradan qaldırır. Bunun idxal və ixrac qiymətlərinə hazırda təsiri yoxdur. Məsələn, 10 min dollar 17 min manatdır. Hər iki valyuta ilə hesablayanda eyni nəticəyə gəlinir. Əsas məsələ isə devalvasiya zamanı olur. Məsələn bir məhsul idxal olundu. Bu zaman valyuta kursunu dollar üzərindən 3,4 manat nəzərdə tutaq. Bir dollar təxminən 3.4 manata uyğun gəlir. Min dollarlıq məhsul 3400 manat olur. Yeni qərara əsasən artıq 3400 manat üzərindən hesablanmış olacaq. Biznes mühiti üçün hələki belə bir risk yoxdur. Çünki devalvasiya riski yoxdur".
Turqut Ansari
18:18 04.05.2026
Oxunuş sayı: 104