Azərbaycanda pensiya yaşı niyə bu qədər yüksəkdir?
Azərbaycanda pensiya sistemi son illərdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusilə, pensiya yaşının artırılması ilə bağlı qərarlar cəmiyyətdə həm iqtisadi, həm də sosial baxımdan müxtəlif suallar doğurur.
Bir tərəfdən dövlətin maliyyə dayanıqlığını qorumaq zərurəti dayanırsa, digər tərəfdən vətəndaşların həyat keyfiyyəti, əmək bazarındakı real vəziyyət və demoqrafik göstəricilər ön plana çıxır.
Bu kontekstdə pensiya yaşının hansı prinsiplərlə müəyyənləşdirildiyi, digər ölkələrlə müqayisədə Azərbaycanın mövqeyi və gələcəkdə mümkün dəyişiklik perspektivləri xüsusi diqqət tələb edir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Crossmedia.az-a bildirib ki, son illərdə Azərbaycanda pensiya yaşı mərhələli şəkildə artırılıb:

“Pensiya yaşının mərhələli şəkildə 65 yaşa çatdırılması pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması məqsədi daşıyır.
Ümumiyyətlə, pensiya yaşının müəyyənləşdirilməsi zamanı bir neçə əsas amil nəzərə alınır: demoqrafik struktur, işləyən əhali ilə pensiyaçıların nisbəti, sosial sığorta daxilolmaları, kölgə iqtisadiyyatının səviyyəsi və doğulanda gözlənilən ömür uzunluğu və s.
Müqayisəli statistika göstərir ki, doğulanda gözlənilən ömür uzunluğu üzrə Azərbaycan region ölkələrindən kəskin fərqlənmir.
Dünya Bankının məlumatlarına görə 2024-cü ildə bu göstərici Rusiyada 73, Azərbaycan və Qazaxıstanda 75, Türkiyədə 77, İranda isə 78 il olub.
Buna baxmayaraq, pensiya yaşı Azərbaycanda daha yüksək səviyyədədir. Hazırda pensiya yaşı Azərbaycanda 65-dir. Müqayisə üçün, Rusiyada bu göstərici kişilər üçün 65, qadınlar üçün 60, Qazaxıstanda 63 və 61, Türkiyədə 60 və 58, İranda isə 60 və 55-dir.
Bu müqayisə göstərir ki, Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq təxminən 10 il təşkil edir.
Halbuki, Avropanın əksər ölkəsində bu interval 15-20 il arasındadır. Qonşu ölkələrdə də doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq Azərbaycanla müqayisədə çoxdur. Bu, Azərbaycanın pensiya sistemində maliyyə sabitliyinə daha sərt yanaşmanın tətbiq olunduğunu göstərir”.
Ekspert vurğulayıb ki, ayrı-ayrı ölkələrdə fərqli maliyyələşmə modelləri mövcuddur:
“Məsələn, bəzi ölkələrdə dövlət subsidiyalarının yüksək payı aşağı pensiya yaşını kompensasiya edir. Mövcud iqtisadi şəraitdə Azərbaycanda pensiya yaşının azaldılması yalnız formal məşğulluğun artması, sosial sığorta daxilolmalarının yüksəlməsi, kölgə iqtisadiyyatının azalması və demoqrafik balansın yaxşılaşması fonunda mümkün görünür.
Bu səbəbdən yaxın perspektivdə pensiya yaşının aşağı salınması real görünməsə də, uzunmüddətli struktur islahatlar belə imkan yarada bilər”.
Ayhan
14:04 04.05.2026
Oxunuş sayı: 67