Leobank-da ardıcıl texniki nasazlıqlar: rəqəmsal bankçılığa etimad sual altına düşür?
Son günlər rəqəmsal bank xidmətlərindən istifadə edən “Leobank” müştəriləri ciddi texniki problemlərlə üzləşdiklərini bildirirlər. İstifadəçilərin sözlərinə görə, mobil tətbiqə giriş zamanı nasazlıqlar yaranır, təsdiq kodu daxil edilsə belə sistem “xəta baş verdi” mesajı ilə əməliyyatları bloklayır. Nəticədə müştərilər nə öz hesablarına daxil ola, nə də köçürmə və digər maliyyə əməliyyatlarını həyata keçirə bilirlər. Bu isə xüsusilə vəsaitlərini yalnız rəqəmsal kartda saxlayan istifadəçilər üçün ciddi çətinliklər yaradıb.
Gündəlik ödəniş və təcili pul köçürməsi etməli olan insanlar öz vəsaitlərinə çıxışın məhdudlaşdığını deyirlər. Bu vəziyyət istifadəçilər arasında narazılıq və narahatlıq doğurub. Rəqəmsal bank xidmətlərinin əsas üstünlüyü fasiləsiz və operativ işləmək olduğu halda, ardıcıl nasazlıqlar müştəri etimadına mənfi təsir göstərir. İstifadəçilər problemin tez bir zamanda aradan qaldırılmasını və sistemin daha stabil işləməsini tələb edirlər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, "Leobank"Azərbaycanın aktiv rəqəmsal banklarından biridir və tətbiqdə təkrarlanan texniki xətalar müştəri təcrübəsi baxımından ciddi problem yaradır:
"Müştəri etimadına təsiri belə bir vəziyyətdə daha spesifik şəkildə özünü göstərir. Leobank kimi tamamilə rəqəmsal işləyən bir bank üçün tətbiq sadəcə bir kanal deyil, bankın özüdür. Tətbiq işləmədikdə müştəri üçün bank mövcud olmur. Təkrarlanan xətalar isə "bu dəfə bəxtim gətirdi, növbəti dəfə pulum ilişib qala bilər" hissini formalaşdırır. Bu hiss insanı alternativ axtarmağa, yəni rəqibə keçməyə sövq edir. "Leobank"ın xüsusi zəif nöqtəsi onun infrastruktur yetkinliyi məsələsidir. Tez-tez təkrarlanan xətalar adətən ya server yükünə dözümsüzlükdən, ya da tətbiq yeniləmələri zamanı yetərli test aparılmamasından qaynaqlanır. Rəqəmsal banklar sürətlə böyüdükdə texniki infrastruktur bəzən bu böyüməyə yetişə bilmir. Vətəndaş üçün konkret risklər baxımından Azərbaycan kontekstində əlavə bir həssaslıq var: alternativ ödəniş mədəniyyəti hələ tam oturmayıb, yəni insanların bir hissəsi artıq yalnız Leobanka güvənir, yanında nağd pul saxlamır, başqa kart daşımır. Tətbiq dayandığı anda bu insanlar bütün ödəniş sistemindən kənarda qalır".
İqtisadçının fikrincə, rəqəmsal bankın xətaları klassik bankın xətasından daha çox görünür, çünki sosial mediada yayılması anındadır: "Leobank üçün bu o deməkdir ki, hər texniki problem eyni zamanda bir PR böhranıdır".
Fatimə Məmmədova
19:28 02.05.2026
Oxunuş sayı: 1125