Azərbaycanın strateji valyuta ehtiyatlarında artım müşahidə olunur - AÇIQLAMA
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90,444 milyard ABŞ dollarına çatacaq.
Bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 14,392 milyard ABŞ dolları, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri isə 76,052 milyard ABŞ dolları təşkil edəcək.
IMF-nin qiymətləndirmələrinə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 92,98 milyard ABŞ dollarına çatacaq (illik +2,8 %), burada AMB-nin payına 15,079 milyard ABŞ dolları, ARDNF-in payına isə 77,901 milyard ABŞ dolları düşür. 2028-ci ildə bu göstəricilərin müvafiq olaraq 93,333 milyard ABŞ dolları (+0,39 %), 14,164 milyard ABŞ dolları, 79,169 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır.
2029-cu ildə strateji valyuta ehtiyatları 93,75 milyard dollar səviyyəsinə (illik +0,45%), AMB-nin ehtiyatları 13,125 milyard, ARDNF-in aktivləri 80,625 milyard dollara çatacaq, 2030-cu ildə müvafiq olaraq - 94,032 milyard dollar (+0,3 %), AMB - 11,734 milyard dollar, ARDNF - 82,298 milyard dollar, 2031-ci ildə isə müvafiq olaraq - 93,896 milyard dollar (-0,14 %), AMB - 9,66 milyard dollar, ARDNF - 84,236 milyard dollar təşkil edəcək.

Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə Crossmedia.az-a danışıb: "Həm beynəlxalq valyuta fondu, həm də Azərbaycan hökumətinin proqnozlarına əsasən, strateji valyuta ehtiyatlarımızda artım tempi 2026-cı və növbəti illərdə davam edəcək. Bir tərəfdən, neftin dünya qiyməti yüksək olduğuna görə bu, ölkəyə daha çox valyuta daxil olması üçün imkan yaradır. Digər tərəfdən, mövcud iqtisadi siyasətin inkişaf etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb olur. Yəni, həm Dövlət Neft Fondunun aktivləri, həm də Mərkəzi Bankın valyuta ehtiyatlarının artması müşahidə olunur ki, bu da təbii ki, iqtisadiyyatın dayanıqlığı və xarici risklərə çevikliyi baxımından çox vacibdir".
V. Bayramov bildirib ki, valyuta ehtiyatları ölkənin gücünü göstərən əsas faktorlardan biridir: "Həmçinin, valyuta ehtiyatlarındakı artımlar birmənalı şəkildə həm iqtisadiyyat üçün təhlükəsizlik yastığı formalaşdırır, həm də iqtisadiyyatın dayanıqlı inkişafını təşviq edir və dəstəkləyir. Bu da təbii ki, ölkədəki iqtisadi siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir".
Fatimə
18:51 02.05.2026
Oxunuş sayı: 53