Azərbaycanın dövlət borcu açıqlanıb
2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9598,6 milyon manat, xərcləri 7817,1 milyon manat olub, 1781,5 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Dövlət büdcəsinin gəlirlərinin 4702,0 milyon manatı və ya 49,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3210,0 milyon manatı və ya 33,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1410,1 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 163,5 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 13,8 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 99,2 milyon manatı və ya 1,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 472,5 milyon manat və ya 11,2 faiz, gömrük orqanlarının xətti ilə 5,1 milyon manat və ya 0,4 faiz çox, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə, digər daxilolmalar üzrə 19,1 milyon manat və ya 6,5 faiz az icra edilib.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.
Cari ilin I rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası,dövlət proqramları və məqsədli tədbirlərin, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə təşkilatlarının və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
2026-cı ilin I rübündə dövlət büdcəsinin xərcləri 7817,1 milyon manat məbləğində icra edilməklə illik proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 18,7 faizinə bərabər olub.
Cari ilin I rübündə dövlət büdcəsi xərclərinin 5762,5 milyon manatı və ya 73,7 faizi cari xərclərə, 1530,4 milyon manatı və ya 19,6 faizi əsaslı xərclərə, 524,2 milyon manatı və ya 6,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə sərf edilib.
Bu ilin I rübündə dövlət büdcəsi xərclərinin 54,1 faizi və ya 4227,8 milyon manatı sosialyönlü xərclərin (büdcə xərclərinin əməyin ödənişi fondu, qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclər) maliyyələşdirilməsinə yönəldilib.
Dövlət büdcəsinin funksional təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin I rübündə funksional təsnifata uyğun olaraq sosial müdafiə və sosial təminat xərcləri 1315,8 milyon manat, kənd təsərrüfatı xərcləri 308,7 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 1206,8 milyon manat, təhsil xərcləri 1013,7 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər 654,8 milyon manat, səhiyyə xərcləri 366,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 105,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 1231,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 1288,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 47,5 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 55,1 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərclər 223,2 milyon manat icra edilib.
Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə xərclərin icrası: 2026-cı ilin birinci rübündə iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi xərcləri 2458,2 milyon manat, qeyri-maliyyə aktivləri 1492,1 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1143,7 milyon manat, qrantlar və digər ödənişlər 1015,3 milyon manat, sosial ödənişlər 804,1 milyon manat, subsidiyalar 320,2 milyon manat, öhdəliklər üzrə əməliyyatlar 269,5 milyon manat, faizlər üzrə ödənişlər 269,1 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlar 38,0 milyon manat, dövlət icbari şəxsi sığorta xərcləri 6,9 milyon manat icra edilib.
2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində illik nəzərdə tutulmuş vəsaitin 13,5 faizi həcmində və ya 365,4 milyon manat vəsait sərf olunub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11,0 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub.
Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185,0 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28,0 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə syönəldilib.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4689,3 milyon ABŞ dolları təşkil edib. Operativ məlumatlara əsasən, 2026-cı il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,1 faizini təşkil edir.
2026-cı ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 8852,8 milyon manat, xərcləri isə 9060,8 milyon manat səviyyəsində icra olunub. İcmal büdcədə 208,0 milyon manat büdcə kəsiri (defisit) yaranıb.
12:08 22.04.2026
Oxunuş sayı: 755