Mərc oyunları ailənizdə ciddi problemlər yarada bilər– ekspert xəbərdarlıq etdi
Azərbaycanda qanunsuz mərc bazarı səssiz şəkildə böyüyərək artıq ciddi narahatlıq doğuran həddə çatıb. Kölgədə fəaliyyət göstərən bu platformalar təkcə qanuni şirkətləri sıradan çıxarmır, eyni zamanda dövlət büdcəsinə milyonlarla manatlıq ziyan vurur. Məsələnin ən ciddi tərəfi isə odur ki, bu sistem vasitəsilə ölkədən böyük həcmdə vəsaitin çıxarıldığı iddia edilir. Nəzarətsiz qalan bu sahə yaxın zamanda daha böyük sosial və iqtisadi problemlərə yol aça bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli qanunsuz mərc oyunlarının qanuni oyunların haqqına girdiyini bildirib: "Qanunsuz mərc oyunları qanuni fəaliyyət göstərən oyunlara qarşı rəqabət yaradır. Beləliklə, qanuni fəaliyyət göstərən şirkətləri sıxışdırırlar. Qanunsuz mərc oyunları gizli olur, vergidən yayınan fəaliyyət olduğu üçün vergi ödəmirlər. Qanuni mərc oyunları isə bütün vergiləri ödəyir. Qanunsuzların bundan yan keçməsi ilə xərc üstünlüyü yaranmış olur. Və qanuni mərc oyunlarının müştərilərini oğurlamış olurlar".
İqtisadçı əlavə edib ki, müştəri kütləsini oğurladığına görə qanuni oyunlara gedəcək şəxslər qanunsuzlara ödəniş edirlər: "Digər tərəfdən isə vəsait ölkədən çıxır. Qanuni mərc oyunlarında bir standart var ki, oynayanlar üçün problem yaratmasın. Amma qanunsuz mərc oyunları oynayanın ailəsinə belə problem yarada bilər".
Fatimə
18:01 17.04.2026
Oxunuş sayı: 85