“Hakimləri robotlar əvəz etsin” – İqtisadçıdan təklif
Son illər sürətlə inkişaf edən süni intellekt artıq bir çox iş sahələrini əvəz edə biləcək səviyyəyə çatıb. Texnologiyanın bu qədər irəliləməsi əmək bazarında ciddi dəyişikliklər və yeni reallıqlar formalaşdırır. Bir sıra peşələrin risk altında olduğu, bəzilərinin isə tamamilə yox ola biləcəyi müzakirə olunur.
Bu barədə Crossmedia.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, istehsalda xərclərin əhəmiyyətli dərəcədə azalacağı sahələrə maşınqayırma, avtomobil və elektronika istehsalı daxildir: “İş yerlərinin azalması xərclərin də azalmasına gətirib çıxarır. Elektronika və avtomobil istehsalını artıq robotlar həyata keçirir. Bu proses hazırda da mövcuddur. Həmçinin paltar tikilişi, yəni tekstil sektoru da tədricən robotlar tərəfindən əvəz olunur. Kənd təsərrüfatında isə bu proses nisbətən məhdud qalacaq. Süni intellekt və robotlardan istifadə olunsa da, insan əməyinə ehtiyac davam edəcək. Bundan əlavə, qida məhsullarının istehsalı sahəsində də insan əməyinin qalacağı gözlənilir. Bank və sığorta sektoru isə ilk avtomatlaşan sahələrdəndir. Artıq bu sahələrdə süni intellekt tətbiq olunur və gələcəkdə banklara belə ehtiyacın qalmayacağı ehtimal edilir. Bu halda işçilərə ehtiyac da azalacaq”.

İqtisadçı, həmçinin konsenterlərin gələcəyi ilə bağlı fikirlərini bölüşüb: “Konsenterləri artıq süni intellekt əvəz edir. Bundan əlavə, təhsil və səhiyyə sahələrində də bu proses genişlənəcək. Lakin diş texnikləri və əməliyyat aparan həkimlər kimi peşələr qalacaq. Baxmayaraq ki, müəyyən əməliyyatlar və texniki işlər robotlar tərəfindən yerinə yetirilir, diaqnozun qoyulması və müalicənin təyin olunmasında da süni intellektin rolu artır. Ticarət sahəsində isə artıq onlayn satışlar geniş yayılıb və bu sahəyə də süni intellekt inteqrasiya olunur”.
E.Rəşidov jurnalistlərin də gələcəkdə texnologiyalar tərəfindən əvəz oluna biləcəyini qeyd edib: “Süni intellekt media sahəsində, həmçinin hüquqşünasları qismən əvəz edə bilər. Nəqliyyatda sürücüləri əvəz edəcək texnologiyalar artıq mövcuddur. Düşünürəm ki, gələcəkdə hakimləri də əvəz edə bilər. Çünki bəzi hallarda ədalətsiz qərarlar verilir və bu baxımdan texnologiyaların tətbiqi daha obyektiv nəticələr verə bilər”.
Fatimə Məmmədova
19:45 16.04.2026
Oxunuş sayı: 83