GÖZLƏNİLƏN XƏBƏR GƏLDİ: Təqaüdlər artırıldı
Naxçıvanda 2025-ci il ərzində sosial ödənişlər üzrə dövlət dəstəyi genişlənib və ödənişlərdə artım tendensiyası qeydə alınıb. İl boyu sosial müavinətlər və təqaüdlər üzrə ümumilikdə 79,4 milyon manat vəsaitin ödənilməsi regionda sosial təminat sisteminin gücləndiyini göstərir. Rəsmi göstəricilərə əsasən, vəsaitlərin böyük hissəsi aylıq və Prezident təqaüdlərinə yönəldilib, həmçinin sosial ödənişlərin əhəmiyyətli qismi avtomatlaşdırılmış və proaktiv təyinat sistemi vasitəsilə həyata keçirilib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib.
Onun sözlərinə görə, 79,4 milyon manatlıq əlavə ödənişlər qısa müddətdə müəyyən sosial qrupların gəlirini artırsa da, bu məbləğ ümumi iqtisadi fonla müqayisədə məhdud təsirə malikdir:
" Azərbaycanda sosial ödəniş alanların sayı çoxdur və təkcə pensiya alanlar yüz minlərlə insanı əhatə edir, ümumilikdə isə bir milyondan çox şəxs müxtəlif sosial müavinətlər alır. Bu baxımdan ayrılan vəsait geniş kütləyə bölündükdə fərdi gəlir artımı nisbətən kiçik olur və insanların real alıcılıq qabiliyyətində ciddi sıçrayış yaratmır. Əsas təsir mexanizmi əmək pensiyalarının indeksləşdirilməsidir və bu artım 9.3% səviyyəsindədir. Bu isə daha çox inflyasiyanın kompensasiyası xarakteri daşıyır. Yəni qiymətlər də artdığı üçün bu indeksasiya insanların həyat səviyyəsini kəskin yaxşılaşdırmaqdan çox, mövcud vəziyyəti qorumağa xidmət edir. Hətta real vəziyyətdə əjsər vətəndaşın xərcləri gəlirlərini üstələyir. Yoxsulluğun azaldılmasına təsir isə məhdud olacaq. Çünki rəsmi yoxsulluq həddi 2026-cı il üçün 300 manat civarındadır və bir çox sosial ödənişlər bu səviyyəyə yaxın və ya ondan aşağı qalır. Bu o deməkdir ki, artımlar bəzi insanları yoxsulluq həddinə yaxınlaşdıra bilər, amma geniş miqyasda yoxsulluğu aradan qaldıracaq qədər böyük deyil".
A.Nəsirli əlavə edib ki, ölkədə sosial müdafiə sisteminin əhatə dairəsi də tam geniş deyil və əhalinin yalnız bir hissəsi birbaşa pul ödənişlərindən faydalanır: " Bu isə belə artımların ümumi cəmiyyət üzrə təsirini daha da zəiflədir. Nəticə olaraq bu tip artımlar sosial baxımdan müsbət addım olsa da, yeni böyük sosial paket olmadığı şəraitdə və xərclərin sürətlə artdığı dövrdə, insanların həyat səviyyəsində köklü dəyişiklik yaratmır və yoxsulluğun azalmasına yalnız məhdud, qismən təsir göstərə bilir".
Fatimə
19:15 15.04.2026
Oxunuş sayı: 144