Məktəbə hər gün qayıqla gedib - gələn kənd müəllimi: Çətindir, amma alternativ yoxdur
Çətin coğrafi şərait, uzun və dolanbac yollar, məhdud nəqliyyat imkanları – bütün bunlar bəzi müəllimlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Onlar kilometrlərlə məsafə qət edərək ucqar kəndlərdə yaşayan uşaqlara bilik çatdırır, təkcə dərs deməklə kifayətlənməyib, eyni zamanda milli və mənəvi dəyərləri də aşılayırlar.
İmişlinin Ağamalar kəndinin rus dili Mübariz Rüstəmov düz 34 ildir ki, məktəbə qayıqla gedib gəlir. O, Zərdəbdab kürü qayıqla gedir.
34 ildir çətin şəraitli yolu qət edərək dərs keçməyə gedən Mübariz Rüstəmov Crossmedia.az-a müsahibə verib:
– 34 ildir o şəraitsiz yolla dərs keçməyə gedirsiniz. Çətin deyilmi?
– Bəli, çətinlik var, amma bu mənim işimdir. Getməliyəm. Allah hər kəsə bir yol qismət edib, mən də bu yolla gedib-gəlirəm. Bu yol həm çətindir, həm də alternativ yoxdur.
– Yol məsafəsi nə qədərdir?
– Bizim evdən kəndə normal yol ilə 70-80 km məsafə var. Amma birbaşa baxanda evimizdən ora cəmi 3-4 km-dir. Yəni arada Kür çayı var, bir kənd sayılırıq, ancaq yol dolayısı ilə çox uzanır.
– Bu qədər məsafəyə baxmayaraq, dərslər necə keçir?
– Dərslər yaxşı keçir. Uşaqlar maraq göstərirlər, müəllimlərinə hörmət edirlər. Müəllimlər də o qədər yolu gəlib onlara dərs keçirlər. Mən əsasən uşaqlara vətən sevgisini, böyüyə hörməti aşılamağa çalışıram. Görürsünüz ki, rusiyaya maraq uşaqlar arasında azalır. Mən dərslərimdə yeni mövzuları milli qəhrəmanlarımızla, onların göstərdiyi qəhrəmanlıqlarla əlaqələndirirəm.
– Uşaqlarla münasibətiniz necədir?
– Uşaqların sevgisini qazanmışam. Onlar məni çox vaxt nümunə göstərirlər. Mən də davranışıma, danışığıma, hərəkətlərimə diqqət edirəm.
– Neçə ildir bu yolu gedib-gəlirsiniz?
– Artıq 34 ildir bu kəndə gedib-gəlirəm. Amma bu müddətdə heç kimdən inciməmişəm, özümü həmişə normal aparmışam.
– Nəqliyyat imkanları yaxşılaşdırılsa, sizin üçün daha rahat olmazmı?
– Açığı, bu mənim üçün ən asan yoldur. Başqa variant yoxdur.
– Alternativ yollar varmı?
– Bəli, asfalt yolla Kürdəmir tərəfdən gəlsəm, 75-80 km yol edir. Başqa bir yol da var – Avşar tərəfdən dərə yolu, amma o da çətindir və uzaqdır. Mənim üçün ən uyğun yol elə budur.
– Bu qədər yolu hər gün getmək sizi yormur ki?
– Yox, mən bunu özüm seçmişəm. Mənim üçün çətinlik yaratmır.
– Bu ərazidə yaşamaq və hərəkət etmək təhlükəli deyil ki?
– Yox, mən Kür qırağında yaşamışam. Ata-babalarımız da burada yaşayıb, dolanıb. Ona görə qorxum yoxdur.
– Digər müəllimlərlə müqayisədə vəziyyətiniz necədir?
– Elə müəllimlər var ki, mənimlə müqayisədə daha uzaqdan gəlirlər. Hətta deyirdilər ki, sən bizdən tez çatırsan. Yəni kəndin ərazisi böyükdür, adam azdır, məsafələr də uzundur.
Ayhan
19:54 14.04.2026
Oxunuş sayı: 64