Pensiya yığımlarını vaxtından əvvəl istifadə etmək mümkün olacaqmı?
Son illərdə bəzi ölkələrdə vətəndaşlara pensiya yığımlarından yalnız təqaüd yaşında deyil, daha erkən mərhələdə istifadə etmək imkanı verilməsi diqqət çəkir. Bu vəsaitlərin ipoteka ödənişləri, təhsil xərcləri və digər sosial ehtiyaclar üçün yönəldilməsi sosial təminat sisteminə daha çevik yanaşma kimi qiymətləndirilir.
Bu təcrübə fonunda Azərbaycanda da pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılıb-yaradılmayacağı sual doğurur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu barədə Crossmedia.az-a danışıb.

O, bəzi ölkələrdə pensiya yığımlarının bir hissəsinin erkən istifadəsinə icazə verilməsinin sistemin “yığım + sosial dəstək” balansına əsaslandığını deyib:
"Amma bu modelin işləməsi üçün maliyyə bazarlarının çox inkişaf etmiş olması, pensiya aktivlərinin risklərdən qorunması və uzunmüddətli sabit investisiya mühitinin mövcudluğu vacibdir.
Azərbaycanda isə pensiya sistemi əsasən dövlət sosial sığorta modeli üzərində qurulub və yığılan vəsaitlər cari ödənişlərin maliyyələşdirilməsində də istifadə olunur.
Ona görə də, fərdi pensiya kapitalının erkən istifadəsi kimi mexanizmlər sistemin maliyyə dayanıqlığı baxımından daha həssas məsələ sayılır.
Erkən istifadə imkanı verilərsə, bu, bir tərəfdən vətəndaşlara əlavə çeviklik yarada bilər, məsələn, təhsil və ya mənzil ehtiyaclarını qarşılamaq üçün. Amma digər tərəfdən pensiya yaşında gəlirin azalması riski də ortaya çıxır və dövlətin gələcək sosial yükü arta bilər.
Bu səbəbdən belə mexanizmlər adətən mərhələli şəkildə və ciddi məhdudiyyətlərlə tətbiq olunur. Azərbaycanda da bu istiqamətdə müzakirələr ola bilər, amma tam sərbəst erkən istifadə modeli qısa müddətdə geniş şəkildə tətbiq olunması çətin görünür".
A.Nəsirli hesab edir ki, daha real yanaşma pensiya sisteminin qarışıq modelə keçməsi və əlavə könüllü yığım fondlarının inkişaf etdirilməsi ola bilər.
Fatimə
13:32 14.04.2026
Oxunuş sayı: 776