Kosmosda yeni silahlanma yarışı - dünya yeni müharibəyə hazırlaşır?
Kosmik məkan artıq yalnız elmi tədqiqatların və texnoloji innovasiyaların platforması deyil, eyni zamanda qlobal güclər arasında strateji rəqabətin yeni cəbhəsinə çevrilməkdədir.
Xüsusilə, ABŞ, Rusiya və Çin arasında son illərdə müşahidə olunan fəaliyyətlər bu sahədə hərbiləşmə tendensiyasının gücləndiyini göstərir.
Rəsmi qurumların açıqlamaları və açıq mənbələrdə yayımlanan məlumatlar göstərir ki, tərəflər kosmosda üstünlük əldə etmək üçün həm müdafiə, həm də hücum potensiallarını inkişaf etdirməyə çalışırlar.
Xüsusilə, Pentaqon tərəfindən səsləndirilən bəzi iddialar Rusiyanın peyk əleyhinə imkanlarının genişləndirilməsi istiqamətində addımlar atdığını ortaya qoyur.
Eyni zamanda, NASA və digər beynəlxalq kosmik qurumların hesabatlarında orbitdə fəaliyyət göstərən obyektlərin sayının artması və onların funksional təyinatının dəyişməsi də diqqətə çatdırılır.
Digər tərəfdən, Roscosmos və CNSA kimi qurumların proqramları göstərir ki, bu ölkələr kosmosda yalnız mülki deyil, həm də strateji əhəmiyyətli layihələrə üstünlük verirlər.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az saytına açıqlama verib:

“Dünyada qlobal güc hesab edilən ABŞ, Çin və Rusiya arasında bir çox sahələrdə olduğu kimi, kosmik məkanda hərbi fəaliyyətlər istiqamətində də ciddi rəqabət mövcuddur və bu yeni bir məsələ deyil.
Qərb ölkələri kosmik fəaliyyətləri nisbətən məhdud miqyasda həyata keçirirlər; burada ən aktiv oyunçular məhz ABŞ və Rusiyadır.
Hazırda bu rəqabət fonunda Çin də müəyyən sahələrdə aktivləşərək fərqlənir. Bir müddət əvvəl Rusiyanın kosmosa çıxardığı və ABŞ peyklərinə hücum edə biləcək yeni silaha malik olduğu Pentaqon tərəfindən təsdiqlənmişdir. Hər iki tərəf kosmosda hətta nüvə silahlarının yerləşdirilməsi istiqamətində fəaliyyətləri ilə diqqət çəkir.
Başqa sözlə, artıq bu qlobal güclər kosmosu beynəlxalq silahlanma yarışının aparıldığı yeni bir məkana çevirməyə çalışırlar və bu fəaliyyətlər üçün çox böyük vəsaitlər ayrılır.
Bununla belə, ABŞ həm maliyyə, həm də texnoloji imkanlar baxımından bu istiqamətdə Rusiyanı üstələyir.
Kosmosda lazer texnologiyalarının yerləşdirilməsi də planlaşdırılır. ABŞ, Rusiyanın hipersəs silahlarına qarşı effektiv olacaq raket əleyhinə müdafiə sistemlərini kosmos infrastrukturu ilə əlaqələndirməyi və qismən orada yerləşdirməyi nəzərdən keçirir. Hər halda, hələlik açıq qarşıdurma riski müşahidə olunmur, lakin bu istiqamətdə çox ciddi rəqabət mövcuddur”.
Ekspert sonda vurğuladı ki, Rusiyanın proqramları müəyyən mənada planlaşdırılandan geri qalır:
“Lakin ümumilikdə Rusiya kosmik fəzadakı mövqelərini qorumaqda israrlıdır və bu sahədə geri çəkilmək niyyətində deyil.
Gələcəkdə kosmik fəzada qarşıdurmanın və rəqabətin daha da güclənəcəyi gözlənilir. Bu kontekstdə Çin faktorunu da nəzərdən qaçırmaq olmaz. Çin bu prosesləri daha sakit və az görünən formada həyata keçirir.
Hər halda, bu gün üçün real təhlükələr açıq qarşıdurma riskini birbaşa ortaya qoymur, lakin gələcəkdə bu risklərin artacağı istisna edilmir”.
Həmayıl Şükürova
11:44 11.04.2026
Oxunuş sayı: 79